ŞAİRİN SÖZÜNƏ
YALANDIR DEMƏ
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli.
Gəl gül də, çiçək də özümüz olaq,
Sən bir az ağıllı, mən bir az dəli.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm.
Güllü nağıllara getməsin ağlın,
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdi.
Əgər sən varsansa, bu yer üzündə,
Dünya başdan-başa güldü, çiçəkdi.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər.
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər.
|