GEDİRƏM BİR QƏLBİ
SEVİNDİRMƏYƏ
Çəməndə çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə dağlara tənəm.
Dünyanın ən xoşbəxt adamı mənəm,
Gedirəm bir qəlbi sevindirməyə.
İçimdə işıq var, ulduz var, ay var,
Ruhumda çağlayan bir dəli çay var.
Könlümdə Allahın verdiyi pay var,
Gedirəm bir qəlbi sevindirməyə.
Nə həsrət, nə də ki qəm aparıram,
Nə də kirpiyimdə nəm aparıram.
Quşam, dimdiyimdə yem aparıram,
Gedirəm bir qəlbi sevindirməyə.
Ay sevinc aparan, ayaqyalın qaç,
Ümid gözləyənin qapısını aç.
Dərdə dərman olub, ağrıya əlac,
Gedirəm bir qəlbi sevindirməyə.
Ucaldıb başları, uca gedirəm,
Düşsəm də zəhmətə, borca, gedirəm.
Elə bil Kəbəyə, Haca gedirəm,
Gedirəm bir qəlbi sevindirməyə.
Hər könül bir dünya, bir kainatdı,
Gedirəm dünyanı sevindirməyə,
Gedirəm həyatı sevindirməyə.
Gedirəm sevgiyə könül bağlayan
Bütün kainatı sevindirməyə!
|