Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   NECƏ BARIŞDIRIM KÜSƏNLƏRİ MƏN?

 

 

NECƏ BARIŞDIRIM

KÜSƏNLƏRİ MƏN?

 

Biri taleyindən, baxtından küsür,

Biri zamanından, vaxtından küsür.

Biri Allahının ögeyliyindən,

Biri öz şahının taxtından küsür,

Necə barışdırım küsənləri mən?

 

Biri boynundakı kəndirdən küsür,

Biri qolundakı zəncirdən küsür.

Birinin ürəyi şüşətək sınır,

Töhmətdən inciyir, təhqirdən küsür,

Necə barışdırım küsənləri mən?

 

Göz qəmli, can üzgün, könül pərişan,

Doğmayla barışmır yadla barışan.

Şeytan öz işində, öz əməlində,

Gülür qarışdıran, sınır qarışan,

Necə barışdırım küsənləri mən?

 

Biri bəndə düşür, biri bərəyə,

Biri dağa baxır, biri dərəyə.

Kor olmuş gözlərim baxsın, neyləsin,

Ürək bulandıran bu mənzərəyə, –  

Necə barışdırım küsənləri mən?

 

Çırağı narazı, şamı narazı,

Sarayı narazı, damı narazı.

Bir razı qalana rast gəlmədim mən,

Dağılmış dünyadan hamı narazı, –

Necə barışdırım küsənləri mən?

 

Ahım Ağrıdağın başına çatır,

Gücüm gözlərimin yaşına çatır.

Ömrüm altımışa çatır, ha çatır,

Yaşım peyğəmbərin yaşına çatır,

Necə barışdırım küsənləri mən?

 

Ozanı, dədəni, ulunu göstər,

Bizi barışdıran qulunu göstər.

Necə barışdıraq, necə barışaq,

İlahi, gəl  bizə özün kömək ol,

Bizə barışmağın yolunu göstər,

Necə barışdırım küsənləri mən?

Necə barışdırım küsənləri mən?

 

 

 

 

  Geri