SUAL-CAVAB
Günəş nə vaxt doğur? Üzün güləndə.
Dan nə vaxt sökülür? Sözün güləndə.
Cəhənnəm nə zaman cənnətə dönür?
Qəlbin sevinəndə, gözün güləndə!
Bahar nə vaxt gəlir? Buz əriyəndə.
Qar dağda gec qızıb, tez əriyəndə.
Oğlan ürəyinə od nə vaxt düşür?
Qızın dodağında söz əriyəndə!
|