MƏNƏ BU SÖZLƏRİ
YAZDIRAN MƏLƏK
Dilin uzun olsun,
üzün ağ olsun,
Yaşıl duyğuların
yaşıl tağ olsun,
Günahın eşq ilə
yaşamaq olsun,
Qapını vədəsiz
döyməsin külək,
Mənə bu sözləri
yazdıran mələk.
Kimin gücü çatar,
kim agah eylər,
Sevgi insanları
niyə şah eylər?
Eşqimi ən uca
bir dərgah eylər,
Hər incə barmağın
zərif bir lələk,
Mənə bu sözləri
yazdıran mələk.
Dodağı nəğməli,
sinəsi sazlı,
Göy kimi havalı,
yer kimi nazlı,
Göyərçin görkəmli,
durna boğazlı,
Ən şirin arzudu,
ən şirin dilək,
Mənə bu sözləri
yazdıran mələk.
Varlığın başabaş
nurda, işıqda,
Özünsən günəş də,
nur da, işıq da.
Dünyanı dolandım,
sən yaraşıqda
Nə bağda gül gördüm,
nə düzdə çiçək,
Mənə bu sözləri
yazdıran mələk.
Yanağın xalına
xal çatan deyil,
Dodağın balına
bal çatan deyil,
Taxtın çox ucadı,
əl çatan deyil,
Ya uca Tanrısan,
ya zalım fələk,
Mənə bu sözləri
yazdıran mələk.
|