MƏNİ SEVƏ-SEVƏ
ÖLDÜR, İLAHİ!
Sevgidən doğuldum, sevdim, sevildim,
Məni sevə-sevə öldür, İlahi.
Allahın gücünü sevəndə bildim,
Məni sevə-sevə öldür, İlahi!
Sellərə çevrilim, kükrəyim, axım,
Buluda çevrilim, gurlayım, çaxım,
Ətəkdən boylanım, zirvədən baxım
Məni sevə-sevə öldür, İlahi!
Şirindir sevilən hər gün, hər saat,
Dünya gözəlitək, gəl mənə naz sat.
Kül olmaq ölümdü, köz olmaq həyat,
Məni sevə-sevə öldür, İlahi!
Çəmənin üstündən əsən meh elə,
Çiçəyin gözündən öpən şeh elə,
İstər nökər elə, istər şah elə
Məni sevə-sevə öldür, İlahi!
Qara saçlarıma sevgi dən olsun,
Mən bir sünbül olum, sevgi dən olsun.
Elə ölümüm də sevgidən olsun,
Məni sevə-sevə öldür, İlahi!
Həvəsim önündə əsrlər azdı,
Eşqimin yanında sular dayazdı,
Məni sevə-sevə yaşatmaq azdı,
Məni sevə-sevə öldür, İlahi!
|