Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

    MƏN SƏNİN QƏLBİNƏ NECƏ YOL TAPIM?

 

 

MƏN SƏNİN QƏLBİNƏ

NECƏ YOL TAPIM?

 

Gəl mənim ömrümünşirin dünyası,

Məhəbbət adlanan pirin dünyası,

Fərhad əfsanəsi, Şirin dünyası,

Qalamı uçurum, qayamı çapım,

Mən sənin qəlbinə necə yol tapım?

 

Ömrüm sənə sarı düşən güzardı,

Əvvəli beşikdi, sonu məzardı.

Ay Allah, bu azar nə xoş azardı,

Urək ağrılarım, könül əzabım,

Mən sənin qəlbinə necə yol tapım?

 

Ürəkdən-ürəyədil körpüsü var,

Görüşdən-görüşə gül körpüsü var,

Gizli sevdaların qıl körpüsü var,

Çatarmı keçməyə dözümüm, tabım

Mən sənin qəlbinə necə yol tapım?

 

Keşikçi ayıqdı, gözətçi mətin,

İzləmək qorxulu, boylanmaq çətin,

Hasarı hündürdü bu imarətin,

Tilsimli pəncərəm, qıfıllı qapım,

Mən sənin qəlbinə necə yol tapım?

 

Gecələr şam kimi əritdin məni,

Gündüzlər yol üstə qurutdun məni,

Gözlədə-gözlədə çürütdün məni,

Örtülü dəftərim, bağlı kitabım,

Mən sənin qəlbinə necə yol tapım?

 

Tufanmı qaldırım, mehəmi dönüm?

Yağışmı yağdırım, şehəmi dönüm?

Qulamı çevrilim, şahamı dönüm?

Çəmənim, çiçəyim, gülüm, gülabım,

Mən sənin qəlbinə necə yol tapım?

 

Tanrı sovqatımsan, din işığımsan,

Səhər şəfəqimsən, dan işığımsan,

Ən şirin ləhcəmsən, danışığımsan,

Bütün suallara sənsən cavabım,

Mən sənin qəlbinə necə yol tapım?

Mənim ilk sevincim, son iztirabım,

Mən sənin qəlbinə necə yol tapım?

 

 

  Geri