BİRCƏ MƏNİ XATIRLA
Ömrü-günü uzun olsa həsrətin,
Göz yaşında bir çəməni xatırla.
Çiçəkləri şeh görməmiş saralan,
Solub gedən bir çəməni xatırla.
Dağlarıma gün yerinə çən düşüb,
Xınalı daş kəkliyindən gen düşüb,
Kimi görsən saçlarına dən düşüb, –
Bircə məni, bircə məni xatırla.
Sevən də çox, sevilən də, atan da,
Bu dünyada üzən də çox, batan da.
Səksəkəli quş yuxusu yatanda
Bircə məni, bircə məni xatırla.
Mənim gözüm işarədə, himdədi,
Eşqim, ruhum sən çaldığın simdədi.
Desələr ki, “Fıl dözümü kimdədi?”, –
Bircə məni, bircə məni xatırla.
Həm çörəyin, həm duzunam mən sənin,
Həm qismətin, həm ruzunam mən sənin.
Baharınam, Novruzunam mən sənin, –
Yaşıllaşan bir səməni xatırla,
Bircə məni, bircə məni xatırla.
Can üşüdən sükut görsən, ağlama,
Ağlarqalmış bulud görsən, ağlama.
Ciyinlərdə tabut görsən, ağlama, –
Bircə məni, bircə məni xatırla.
Ey Allahın göydən gələn pərisi,
Soyulsa da şairlərin dərisi,
Bil ki, mənəm min illərin dirisi, –
Bircə məni, bircə məni xatırla.
|