Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLMİŞƏM, QOYNUNDA SIĞINACAQ VER

 

GƏLMİŞƏM, QOYNUNDA

SIĞINACAQ VER

 

Əzizim sinə, sinə,

Çən gəlir sinə-sinə.

Aləmə sığmaz başım,

Sığıbdı sinəsinə.

 

Peşmandı gülləri dərdirən, dərən,

Peşmandı qurudan, peşmandı sərən.

Ömür parça-parça, gün pərən-pərən,

Nursuz gözlərimə nurlu çıraq ver, –

Gəlmişəm, qoynunda sığınacaq ver!

 

Qorlanıb varlığım, odlanıb içim,

Sənsiz mən haranı bəyənim, seçim?

Ürəklə doldurum, doyunca içim,

Qaynar baxışlardan sərin bulaq ver, –

Gəlmişəm, qoynunda sığınacaq ver!

 

Qış meydan suladı, ağır gəldi yaz,

Kədərim dərindi, sevincim dayaz.

Köməşən əlimi qızdırım bir az,

Üşüyən qəlbimə od ver, ocaq ver, –

Gəlmişəm, qoynunda sığınacaq ver!

 

Qalmaz bir nəsildə, bir soyda dünya,

Gah yasda keçinər, gah toyda dünya.

Nəyimə lazımdı bu boyda dünya?

Başımı qoymağa künc ver, bucaq ver, –

Gəlmişəm, qoynunda sığınacaq ver!

 

Sevgidir həyatda hər şeydən baha,

Sevənlər üzünü tutar Allaha.

Heç nə istəmirəm dünyadan daha,

Ürək ver, könül ver, dil ver, dodaq ver, –

Gəlmişəm, qoynunda sığınacaq ver!

 

 

  Geri