İNSAN DA BU QƏDƏR
GÖZƏLLƏŞƏRMİŞ!
Qüdrətdən çəkilib qaşlar, ay gözəl!
Baxsan muma dönər daşlar, ay gözəl!
Nə yaman dağılıb saçlar, ay gözəl, –
Varlığın yellərə sinəmi gərmiş?
Qızlar bulağından su içən zaman
İnsan da bu qədər gözəlləşərmiş!
Odlu baxışların heç olmaz sərin,
Eşqin ürəyimdə dərindən dərin.
Könlümün sazını çalan əllərin
De, hansı bağçanın barını dərmiş? –
Bəyaz biləklərdə qar ağlığı var,
İnsan da bu qədər gözəlləşərmiş!
Sirrimi vermişəm, sirdaş olmuşam,
Məcnuna, Kərəmə qardaş olmuşam,
Gözəllik önündə çaşbaş olmuşam.
Bilmirəm mələkmiş, yoxsa bəşərmiş, –
Günəşdən nur alıb, Aydan yaraşıq,
İnsan da bu qədər gözəlləşərmiş!
Söhbətə yad olar, sevgiyə uzaq,
Gözəlsiz, nəğməsiz çağlamaz bulaq.
Heyranı olduğum bu ana torpaq,
Ayağın altına xalımı sərmiş? –
Çiçəkdən ətirli, güldən sığallı,
İnsan da bu qədər gözəlləşərmiş!
Saz dözə bilərmi verməsə qiymət,
Yerişin nəğmədi, duruşun hikmət.
Səni yaradanda ana təbiət
Qələmi qızılmış, naxışı zərmiş, –
Düşəndə dünyanın xoş saatına
İnsan da bu qədər gözəlləşərmiş!
|