BU YAŞIL AĞACIN ALTI BİZİMDİ
Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı neçədi, bildim,
Salxımı, saçağı neçədi, bildim, –
Bu yaşıl ağacın altı bizimdi.
Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb tüllərin kimi, –
Bu yaşıl ağacın altı bizimdi.
Bu sevgi, bu layla, bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim,
Nəyimizə lazım ev-eşik bizim, –
Bu yaşıl ağacın altı bizimdi.
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən,
Xoş bir xatirədi iki ömürdən, –
Bu yaşıl ağacın altı bizimdi.
Könlümüz havalı, gözümüz də ac,
Gəncliyin havası başımızda tac,
Bir sənsən, bir mənəm, bir yaşıl ağac, –
Bu yaşıl ağacın altı bizimdi.
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın,
Bu yaşıl ağacın üstü Allahın, –
Bu yaşıl ağacın altı bizimdi.
Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək,
Hələ bizdən sonra çoxu deyəcək:
Bu yaşıl ağacın altı bizimdi.
|