XIRDALAMA, İLAHİ, HƏMİŞƏ BÖYÜT BİZİ
|
XIRDALAMA, İLAHİ,
HƏMİŞƏ BÖYÜT BİZİ
Bir-iki kəlmə dua,
beş-altı kəlmə arzu,
Tanrım, qoy saf saxlasın
sən verən öyüt bizi.
Sənə üz çevirən gün
üzümüzə nur çilə,
Səndən üz döndərən gün
daş elə, keyit bizi.
İnsanı Haqq yanında
hər varlıqdan baş elə,
Qızını doğma bacı,
oğlunu qardaş elə.
İnsanlığı unutsaq,
bağrımızı daş elə,
Qışın qarına döndər,
buz kimi soyut bizi.
Köksüzlər öz ömrünü
bəxtəvər saya bilməz,
Dağdan dayağı yoxsa,
sellər çağlaya bilməz.
Ruhda, qanda yoxdusa,
Haqqa bağlaya bilməz
Nə peyğəmbər, nə imam,
nə qərib seyid bizi.
Şah sevgilər yolunda
qaya kimi çapılaq,
Harda yıxılan olsa,
dayaq olaq, tapılaq.
Çörək olaq yeyilək,
kündə olaq yapılaq,
Dəyirmanı işə sal,
dən kimi üyüt bizi.
Nə millətə dərd, ələm,
nə xalqa ah-zar verək,
Ürəyi yanan kəsə
dağımızdan qar verək.
Düymələnək, açılaq,
çiçək olaq, bar verək,
Qoy nəsillər bilməsin
barsız bir söyüt bizi.
Gözlərimiz göydədi,
əllərimiz Haqdadı,
Haqqa tapınmayan kəs
qara daşdı, taxtadı.
Demə ki mən Allaham,
bəndə çox uzaqdadı,
Nə göylərdən arala,
nə yerdən soyut bizi.
Dünya başdan-ayağa
insaf olsun, din olsun,
Dünyada yaxşı nə var,
artsın birə-min olsun.
Verdiyin hər nemətə
min dəfə şükür olsun,
İlahi! Xırdalama,
həmişə böyüt bizi!
|
Geri |
|