Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLMİŞƏM

 

 

GƏLMİŞƏM

 

Dünya mənə qucaq açdı, gəl dedi,

Mən dünyaya dərdi-sərlə gəlmişəm.

Öyrənmişəm uduzmağa, udmağa,

 Atmaq üçün qoşa zərlə gəlmişəm.

 

Qış dolanıb, bahar gəlib, yay düşüb,

Qismətimə çeşmə düşüb, çay düşüb,

Hər gecəmə bir qoşmadan pay düşüb,

Hər günümə bir əsərlə gəlmişəm.

 

Çox əlləşib sellər məni apara,

Qoymamışam ruhu candan qopara.

Salam verib əlimdəki qabara,

 Alnımdakı axan tərlə gəlmişəm.

 

Bir ömrüm var, bir meydanım, bir atım,

Sazdı, sözdü malım, mülküm, baratım.

Cıdırlarda mənzil kəsib Qıratım,

Hər yarışdan bir zəfərlə gəlmişəm.

 

Harda olsam məni çəkən tərəf var,

O tərəfdə ucalıq var, şərəf var.

Nişan alıb düz vurduğum hədəf var,

Silah dolu bir səngərlə gəlmişəm.

 

Pirim də var, ustadım da, lələm də,

El yükünü daşımışam şələmdə.

Od gətirib əlimdəki qələmdə,

Qılıncağız bir kəsərlə gəlmişəm.

 

Gəl-gəl dedi mənə eşqin əzabı,

Çəkdi ürək mənlə haqqı, hesabı.

Xalq istədi, Mövlam verdi kitabı,

 Sinə dolu bir dəftərlə gəlmişəm.

 

Fikir taxtım, ağıl tacım, ruh yarım,

Dərd sirdaşım, qəm sevgilim, ah yarım,

Millət arxam, könül adlı şah yarım,

Bu günümə bu ləngərlə gəlmişəm.

 

Özül daşı sağlam oldu binamın,

Xal-xal oldum xalısında xanamın.

Qoy gözləri aydın olsun anamın,

Mən gələndə şad xəbərlə gəlmişəm.

 

Şəkər şeirim şana-şana süzüldü,

 Mərcan kimi dənələndi, düzüldü.

«Saz»dan sonra «Yunus İmrə» yazıldı,

Söz mülkünə ləl-gövhərlə gəlmişəm.

 

Bəlli toxum, bəlli sünbül, bəlli dən,

Haqq özüdü müşkülləri həll edən.

Yük bağladım, maya tutdum əllidən,

Altmışıma «Peyğəmbər»lə gəlmişəm.

  Geri