QALDI
Dağdan ayrılmağım dağ oldu mənə,
Gözlərim çatılan qaşında qaldı.
Baxışım üzündən heç çəkilmədi,
Düşdü qayasında, daşında qaldı.
Əmanət tapşırdım hər addımbaşı,
Qartala zirvəni, kəkliyə daşı.
Kövrəldim, töküldü gözümün yaşı,
Qarışdı bulağın yaşında qaldı.
Verdim öz ömrümü ötən hər ana,
Gah bürküyə düşdüm, gah da borana.
İlin köç vədəsi endim arana,
Ürəyim dağların başında qaldı.
26.5.1976.
|