ÇAĞIRIR
Cavan ömrüm, hər səfərə layiq ol,
Həyat səni xeyrə, şərə çağırır.
Bircə yerdə necə durum, dayanım,
Arzu, dilək min bir yerə çağırır.
Bir də gördün “mənəm” deyən yaşında
Fikirlərin duman olur başında.
Dayanırsan uçrumların qaşında,
Ölüm çəkir, səni dərə çağırır.
Dözümsüzə bir ötərgi səs deyir,
Yenilməzi öz qoynuna səsləyir.
Dağlar qaşı neçə qartal bəsləyir,
Ömrü-günü zirvələrə çağırır.
|