VURĞUNUM
Şeirimizə səhər vaxtı, dan yeri,
Gözümüzə çıraq olub Vurğunum.
Dəniz eşqi damla-damla paylanıb,
Hər sinədə bulaq olub Vurğunum.
Söhbət şirin, ülfət şirin, dəm şirin,
Telli sazda zil gözəldi, bəm şirin.
Hikmətini eşidəndə Şəmşirin,
Dəlidağda bir dağ olub Vurğunum.
Ellər deyib süfrəsini bol açıb,
Ürəklərə səxavətdən yol açıb.
Hər körpəyə ata kimi qol açıb,
Hər anaya uşaq olub Vurğunum.
Pirə dönüb ömrün oğlan yaşında,
Loğmanıydı torpağın da, daşın da.
Elə yanıb hər kəlmənin başında,
Ən müqəddəs ocaq olub Vurğunum.
|