OLSUN
Qoynuna baharla qoşa gəlmişəm,
Dağlar, yanaqların yansın, al olsun.
İzin ver, eşqinə bir hava çalım,
Hər bulaq sazımda şirin xal olsun.
Duruşun döndərsin qəlbimi dağa,
Dolanım üstümə nur yağa-yağa.
Sarı çiçəklərin dönsün qaymağa,
Gül pətək olanda, şeh də bal olsun.
Sevinc yaşlarımı duy gilə-gilə,
Yanğımın üstünə sərinlik çilə.
Hüsnün dilsizi də gətirsin dilə,
Sənə bu gözəllik qoy halal olsun!
|