ÜSTÜMƏ
Yuxum qaçdı dodaqların qaçanda,
Elə bildim səhər gəldi üstümə.
Ürəyimdə toy təzədən başladı,
Kənd yeridi, şəhər gəldi üstümə.
Baxışını bəstələdim gözümdə,
Söhbətini əzizlədim sözümdə.
Dağ oynadan qüvvət duydum özümdə,
Qızıl yallı kəhər gəldi üstümə.
Göz yaşımda kirpiklərim çiməndə,
Sevincindən gül ağladı çəməndə.
Bir gözəlin eşqi düşdü kəməndə,
Şirin-şirin xəbər gəldi üstümə.
|