MƏHƏBBƏTİMİZ
Su tək hər çuxura axan deyiləm,
Axşam, bir ürəyə axacağam mən.
On gözlə on yerə baxan deyiləm,
Sənin gözlərinə baxacağam mən.
Sevgimə göz yumma, kor qalar eşqim,
Sıxma kirpiyini, yaş düşər, gülüm.
Sənsiz kim yaşadar ürəyimi, kim,
Üzük taleyimdən qaş düşər, gülüm.
Gün var ki, mənası bir ilə əvəz,
İl var ki, bəxş edər sənə yüz ömrü.
Hələ insan nədir, daş da istəməz,
Sevgisiz həyatı, könülsüz ömrü.
Nələr çəkdiyimi bilmək istəsən,
Doğma ürəyinə cala qəlbimi.
Sənə də, mənə də ağ gün istəsən,
Sonra tonqal kimi qala qəlbimi.
Orda hənirtiyə yaxşı qulaq as,
Dinlə, səninləyəm deyən eşqimi.
Kül olsa, bir daha yandırmaq olmaz,
Köynəyi alovdan geyən eşqimi.
|