Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SUALLAR... SUALLAR

 

              SUALLAR... SUALLAR

 

Niyə büdrədi, yıxıldı,

Niyə çox yandı-yaxıldı,

Filankəs niyə paxıldı? –

Allah bilən məsləhətdi.

 

Üstündəki o yun nədi,

Quzu nədi, qoyun nədi,

Bu qurulan oyun nədi? –

Allah bilən məsləhətdi.

 

Kim öz içinə qısıldı,

Kim asdırdı, kim asıldı,

Pəhləvan niyə basıldı? –

Allah bilən məsləhətdi.

 

Kim hürəndi, kim ulayan,

Kimdi bu quyruq bulayan,

Kimlərdi meydan sulayan? —

Allah bilən məsləhətdi.

 

Niyə çürüyür kökümüz,

Niyə tərpənmir tükümüz,

Niyə ağırdı yükümüz? –

Allah bilən məsləhətdi.

 

Niyə gözdən axır yaşlar,

Niyə göydən yağır daşlar,

Niyə kəsmir bu savaşlar? –

Allah bilən məsləhətdi.

 

Səhralıqdı, çəmənlikdi,

Kim unluqdu, kim dənlikdi,

Nə sənlikdi, nə mənlikdi, —

Allah bilən məsləhətdi.

 

Çoxunu vurub dişinə,

Çoxunu qatıb döşünə,

Qarışma onun işinə, —

Allah bilən məsləhətdi.

 

Sevinc bilməz ah biləni,

Nökər duymaz şah biləni,

Kim bilər Allah biləni? —

Allah bilən məsləhətdi.

 

27.VII.2005

 

 

  Geri