Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BULAQ QƏDƏR

BULAQ QƏDƏR

 

Hələ bu dünyaya lazım olacam,

Ürəkdə çatılan hər ocaq qədər.

Yaşamaq haqqı var mənim ömrümün,

Allahın verdiyi halal haq qədər.

 

Tanrıdan bəndəyə nemətəm, payam,

Könüllər isidən baharam, yayam.

Elə bilərəm ki, dənizəm, çayam,

Axsam hər ürəyə bir bulaq qədər.

 

İşlərim düşsə də, tərsə, düyünə,

Düşmədim zamanın yersiz küyünə.

Yaxınam Allahın böyüklüyünə,

Can qədər, göz qədər, həm qulaq qədər.

 

Dünyada nə var ki, həyatdanşirin,

Başımı istəsə,canımı verin.

Başına mən dönüm anamız Yerin,

Yerim var qoynunda bir qucaq qədər.

 

Zəlimxan, ayrılıq aranı vursa,

Günlər güllərimi kültək qovursa,

Küləklər odumu göyə sovursa,

Yenə yaşayacam bu torpaq qədər.

 

  Geri