ŞİRİNDİ
Neçə rəngdə neçə qoşma yazmışam,
Doqquzu da bir-birindən dərindi.
Bir ağacdı hər birinin kölgəsi,
Gün altında yarpaqları sərindi.
Aydan işıq, Günəşdən zər istəyir,
Nələr varsa,ruh təzə-tər istəyir.
Qoşma yazmaq bir az hünər istəyir,
Meydan burda igidindi, ərindi.
Özümündü nahamarı, hamarı,
Hər birinin öz naxışı, tumarı.
Sevgidəndi, kədərdəndi damarı,
Hər saatı bir sədadı, bir ündü.
Bir də gördün,dumanları saçıldı,
Bir də gördün,qaş-qabağı açıldı.
Hər birində ilahidən pıçıltı,
Bir də gördün,ağ duvağa büründü.
Hər birinin ayrıca bir dadı var,
Qohumu var, doğması var, yadı var.
Hər birində Zəlimxanın adı var,
Dadı-tamı yağdan-baldan şirindi.
|