GƏLİR
Hər yerdən görünən uca bir dağam,
Günəşim doğulur, dumanım gəlir.
Məni ucada tut, hündürdə saxla,
Min il yaşamağa gümanım gəlir.
Həyatda nə qədər dəyişmələr var,
Ağır imtahanlar, döyüşmələr var,
Qarşıda qıfılbənd, deyişmələr var,
Sazım meydan açır, kamanım gəlir.
Bir addım irəli, bir addım geri,
Şirindi nəğməsi, şirindi şeiri.
Keçən günlərimin boş qalmaz yeri,
Həyatda ikinci zamanım gəlir.
Əsrin iki payı yaşıma düşdü,
Ağrılar, acılar başıma düşdü.
Sular zəhər oldu, aşıma düşdü,
Təzə bir səliqəm, sahmanım gəlir.
Boyu özü kimi bəstə Zəlimxan,
Sözləri güllərdən dəstə Zəlimxan,
Sabah sağalacaq xəstə Zəlimxan,
Mənim bu sözlərə imanım gəlir.
|