Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ULU TANRIM

ULU TANRIM

 

Ulu Tanrım, artır mənim dərdimi,

Kərəm kimi yandır, yandır, kül eylə.

Həm alışım, həm tutuşum, həm yanım,

Külümü də küləklərə dil eylə.

 

Can hayında xəstə bir can görəndə,

Nahaq yerə tökülən qan görəndə,

Bir yananı, bir yandıran görəndə,

Göz yaşımı dəniz eylə, sel eylə.

 

Ulu Tanrı, sən işində peşəkar,

Məni duymaz, qaya laldı, meşə kar.

Dərd sarıdan məni qoyma boş-bekar,

Harda olsam mənə sarı əleylə.

 

Sənin işin dərdlərimlə yaşamaq,

Mənim işim bu dərdləri daşımaq.

İşim düyün, bəxtim qara, saçım ağ,

Qəbrimi qaz, sinəm üstdən yol eylə.

 

Çiçəyini,qanqalını dərəndə,

İki gözüm nələr gördü viranda.

Əsirgəmə Zəlimxanı görəndə,

Qəmini də, qəhrini də bol eylə. 

 

 

  Geri