MƏN VƏ DÜNYA
Canımdan qəlbimə bir işıq düşə,
Nur meydan oxuya ulduza, Aya.
Mən də şükür deyəm, şükür oxuyam,
Ulu Yaradanın verdiyi paya.
Dünya dolaşmaya ayağa, ələ,
Nə yüküm daş ola, nə dərdim şələ.
Tanrının qüdrəti içimdən gələ,
Səsimdən titrəyə hər daş, hər qaya.
Qızınar od-ocaq, isinər otaq,
Şirin nəğməsini oxuyar dodaq.
Halaldan kök olsa, halaldan budaq,
Qurtarmaz bərəkət, tükənməz maya.
Bezdim yarımçıqdan, qaçdım yarımdan,
Nə həyatdan doydum, nə də yarımdan.
Saraylar qurardım arzularımdan,
İllər zəhmətimi verməsə zaya.
Doğru əyilməyə, düzlər düz ola,
Həqiqət, məhəbbət üzbəüz ola.
Sağlam can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən bu dünyaya.
|