MƏMMƏD ASLAN,
MUSA YAQUB,
ZƏLİMXAN YAQUB
Üçündə də ruh sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi,
Üçündə də qaya səbri, gül zərifliyi–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Üçünün də saçlarına vaxtsız yağıb qar,
Başlarına oyun açıb candakı azar.
Üçünün də yazısını fələklər yazar–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Şair qəlbi nə deməkdi, bax gör nələr var,
Orda neçə yanmış kənd var, batmış şəhər var.
Üçündə də titrəmələr, əsməcələr var–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Bir də gördün,səyyah kimi zirvələr aşdı,
Bir də gördün,çaylar kimi qaynadı, daşdı.
Üçünün də təbiətlə bağrı badaşdı–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Başımızda dostlar vardı, indi hardadı,
Toyuq kimi ya hindədi, ya da tardadı.
Bir millətin üç şairi bugün dardadı–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Saza döndü, neyə döndü, rübaba döndü,
Hər misrası eşqə döndü, əzaba döndü.
Nağıl kimi şirinləşdi, kitaba döndü –
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Hər üçünün ürəyində ağrı-acı var,
Hər üçünün şeiriyyətdən qızıl tacı var.
Hər üçünə bu torpağın ehtiyacı var–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Sözlərində görünməmiş silah gücü var,
Ruhlarında min sel gücü, min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var–
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
|