CAN DEYİB, CAN EŞİTMİŞİK
Dadıb meyvəsini, görüb sehrini,
Budağa can deyib, can eşitmişik.
Qızınıb odunda, hərarətində,
Ocağa can deyib, can eşitmişik.
Ömür səsli olub, soraqlı olub,
Sorağı olanlar maraqlı olub.
Evimiz həmişə qonaqlı olub,
Qonağa can deyib, can eşitmişik.
Fikri, düşüncəni, duyğunu yığır,
Həyat qəlbimizə gör necə sığır.
Dönüb ziyarətə hər yol, hər cığır,
Bulağa can deyib, can eşitmişik.
Arzular müqəddəs, diləklər təmiz,
Böyüklük önündə diz çökmüşük biz.
Sözü əlifbamız, səsi himnimiz,
Uşağa can deyib, can eşitmişik.
Zirvə şöhrət tapır qarlı başıyla,
Vətən vətən olur vətəndaşıyla.
Ulu tarixiylə, qədim yaşıyla,
Torpağa can deyib, can eşitmişik.
|