Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GƏLİRƏM

GƏLİRƏM

 

Nələr eşitmədim əlli ildə mən,

Başımnələr çəkdi, nələr, ay ana.

Cavanlıq eləmək istədim bir an,

Məni tez qocaltdı şəhər, ay ana.

Qayıdıb təzədən uşaq olmağa,

Körpə gözündəki gözəllik qədər,

Dumduru, tərtəmiz bulaq olmağa,

Gəlirəm, ay ana, kəndə gəlirəm.

 

Gəzib düzlərini, meşələrini,

Dadıb uşaqlığın nəşələrini,

Dərib göy çəməndə tər çiçəyini,

Öpüb arısını, kəpənəyini,

Kəpənək boydaca bir ürək olub,

Ən təmiz, ən halal bir dilək olub,

Gəlirəm, ay ana, kəndə gəlirəm. 

 

Sübhün duasıyla aç azanını,

Yandır ocağını, as qazanını.

Xamırı kündələ, təndiri qala,

Dönsün hər günümüz şəkərə, bala.

Özünü, sözünü, gözünü güldür,

Həyəti, bacanı, üzünü güldür,

Gəlirəm, ay ana, kəndə gəlirəm.

 

Dünyanı çirkabdan sovuşdurmağa,

Dünyanı saflığa qovuşdurmağa,

Ağac kölgəsində nəfəs almağa,

Yarpaqdan, torpaqdan həvəs almağa.

Bir nəğmə öyrənib çaydan, bulaqdan,

Hər quşun səsindən bir səs almağa,

Gəlirəm, ay ana, kəndə gəlirəm.

 

Gəlirəm səninlə qucaqlaşmağa,

İstidən, tüstüdən uzaqlaşmağa.

Körpə duyğuları oyatmaq üçün,

Körpə duyğulara qayıtmaq üçün,

Gəlirəm, ay ana, kəndə gəlirəm. 

  Geri