MƏN BİLİRƏM
Füzuli tək axşam-sabah
yanmaq nədi,mən bilirəm!
Sabir kimi oyalanmaq
nə deməkdi,mən bilirəm!
Tarix soydu, qəbrə qoydu
Nəsimini soyanları,
Xəyanətdən mayalanmaq
nə deməkdi,mən bilirəm!
Qəbir yeri Sibir olan
Cavid kimi bir nəhəngi
ləkələmək, sonalamaq
nə deməkdi,mən bilirəm!
Əlli yaşda niyə döndü,
xərçəng oldu
böyük Vurğun,
Dərddən, qəmdən mayalanmaq
nə deməkdi mən bilirəm!
Qara Müşfiq bir güllənin
güdazına qurban getdi,
Paxıllığın, rəzilliyin
mənasını mən bilirəm!
Bu dünyada nələr varsa,
dünyasını mən bilirəm!
Məmməd Araz, Xəlil Rza,
Əli Kərim hanı indi,
Oğulsansa indi baş aç,
şeytanları tanı indi.
“Sözlərimin bir parasın
saxlamışam, xəlvətdədi”,
deyən kişi,
“Zəmanə müxənnət olub,
söz indi müxənnətdədi”,
deyən kişi!
Şeytanlardı əyən işi!
Şairlərin taleyidi,
yana-yana külə dönür,
Axır bir gün el ağzında
pardaqlanır, gülə dönür!
|