SAXLARAM
Böyrəklərim olmasa da, mən səni
Yağ içində böyrək kimi saxlaram.
Arı kimi dolanaram başına,
Göy çəməndə çiçək kimi saxlaram.
Varlığınla dalğalanmış dənizlər,
Gülüşündə xanımlanmış kənizlər,
Yerdə olsan,səni yertək əzizlər,
Göydə olsan,mələk kimi saxlaram.
Sevgimizin torpaq canı, gül ruhu,
Eşqimizdə el adəti, el ruhu,
Hər bəladan qoruyaram tül ruhu,
Tül bədəndə ipək kimi saxlaram.
Sənsən mənim yağım, balım, çörəyim,
Sənsən mənim dar günümdə gərəyim.
Sən baxma ki, yaralıdı ürəyim,
Səni canda ürək kimi saxlaram.
|