KİMDİ ZƏLİMXAN?
Qayalar döşündən sızan bulaqlar,
Yamyaşıl meşələr, səfalı dağlar.
Hər zaman gəzdiyi gözəl oylaqlar,
Özləri qoy desin kimdi Zəlimxan!
Qıy vurub göylərdə süzən qartallar,
İl boyu başında qar olan yallar.
Dörd gözlə dağları gəzən marallar,
Özləri qoy desin kimdi Zəlimxan!
“Bulaqlar başına tələsən gözəl”,
Bulağın gözünə tökülən xəzəl.
Şairin ömrünə yazılan qəzəl,
Özləri qoy desin kimdi Zəlimxan!
Başında örpəyi qarı nənələr,
Ağzında yemşəyi nazlı gəlinlər.
Kənddə keçirdiyi sevdalı günlər,
Özləri qoy desin kimdi Zəlimxan!
Təbiətin qoynundakı naxışlar,
Borçalıdan kövrək baxan baxışlar.
Əsən yellər, coşan çaylar, yağışlar,
Özləri qoy desin kimdi Zəlimxan!
Dağlarımın enişi də, qaşı da,
Dağlarımın zirvəsi də, başı da,
Dağlarımın qayası da, daşı da,
Özləri qoy desin kimdi Zəlimxan!
“Nadir”in vaxtında sönən çırağım,
Bir Vətəndən ayrı düşən növrağım.
Yağılara pay verilən torpağım,
Özləri qoy desin kimdi Zəlimxan!
Küskün bənövşələr, şehli çəmənlər,
Nəğməkar bülbüllər, qönçəli güllər.
Şair gələn yola uzanan əllər,
Özləri qoy desin kimdi Zəlimxan!
“Ehrəm”in lələli dalğaları da,
“Əyri qar”ın başındakı qarı da.
Barlı bağçaların dadlı barı da,
Özləri qoy desin kimdi Zəlimxan!
Əşrəf Xındı Məmmədoğlu |