ZƏLİMXAN BAYRAMI
Hər sözü, kəlməsi bir nur içində,
Xalqın şair oğlu səhnədə idi.
Bir əli o axşam Çini-Maçində,
Bir əli Məkkədə, Kəbədə idi.
Bir şair şeirində namaz qılırdı,
Başında yox, “Qocatəpə”də idi.
Nə sözü-söhbəti varsa Allaha,
Xalqına – müqəddəs məbədə idi!
Saz havası üstə fikrə gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Bu necə şairdi, kağıza baxmır,
Hər nəyi varsa da, sinədən gəlir.
Kim deyir o daha yaylağa qalxmır,
Gələndə yaylaqdan-binədən gəlir!
Hamı şahiddi ki, dediyi hər söz,
Göylərdən, o əzəl binadan gəlir.
Başından keçmişdi Allah yolunda,
Yaxşı bilirdim ki, Minadan gəlir.
Qurbanlıq uğrunda baxış gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi.
Sarayı əhatə eləmişdilər,
Mələklər gəlmişdi həmin məclisə.
Füzuli ahından icazə alıb,
Fələklər gəlmişdi həmin məclisə!
Bulaqlar qaynayır, çaylar coşurdu,
Küləklər gəlmişdi həmin məclisə.
Çəmənlər döşənir, güllər açırdı,
Çiçəklər gəlmişdi həmin məclisə.
Ən ülvi, müqəddəs yarış gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi.
Şəkər paylayırdı, noğul verirdi,
Baldan-bayatıdan yoğrulan adam.
Hamı, necə olur şair, görürdü,
Görürdü oğuldu, doğrudan oğul!
Oğuldu hər sözü, hər kəlməsiylə,
Təzədən yaranan, doğulan oğul!
Könül sarayında qan ağlayırdı,
Şuşada sarayı dağılan oğul.
Dolu tökülürüdü, yağış gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Görsə də dünyanım min gözəlini,
Gözəli seçmişdi Azərbaycandan.
Arada vəsf edib Çin gözəlini,
Unutmur, deyirdi: el qızı, can, can!
Qızlar gözəlləşir, gözlər deyirdi:
“Bə bizi sevmirsən, şair Zəlimxan?”
O da şairanə eyham vururdu:
– Bir yavaş... Ayıbdı ay qız, anamdan!
Qəribə küsüşmə, barış gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Cıdıra çıxmışdı, köhlən çapırdı,
Yaman xoşum gəldi muçxuruğundan.
Bir şair o axşam qala yapırdı
Qaya parçasından, daş qırığından.
Könlüm kövrəlirdi, gözüm dolurdu,
Sevincdən – bir qızın hıçqırığından.
Etdiyi dualar qəbul olurdu,
Arada qalmırdı fışqırığından.
Eniş azalırdı, yoxuş gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Necə dinərdisə Ələsgər könlü,
Yenə də bir könlün həmən günüydü.
Çiçəklər içində itmişdi bir saz,
“Dilqəmi”, “Ruhani” dinən günüydü!
O axşam hamının ibadət vaxtı,
O axşam hamının iman günüydü.
Anası dönmüşdü bir üzərriyə,
Nəzər toxunardı – aman günüydü!
Xalq öz şairinə alqış edirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Duyurdum müqəddəs vuruş başlayıb,
Baxırdım düşmənin acalı çatıb.
Heç kimdə bir zərrə şübhə yoxdu ki,
Haqdan bu oğlana ucalıq çatıb.
Nə xoşbəxt şairdi, eyni məqamda
Ona Koroğluluq, Xocalıq çatıb.
Ucalıq uğrunda döyüş gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi.
Görünür, kül tökmək doğma ocağa,
Diz çökmək, daş tökmək belə olurmuş.
Könüllə bağlanıb ata yurduna,
Könüllə baş çəkmək belə olurmuş.
Qəribi hələ də qərib görəndə,
Ah çəkib, yaş tökmək belə olurmuş.
Təbriz! Azərbaycan deyilən zaman,
Bir yumub, beş tökmək belə olurmuş.
Müqəddəs döyüşə çağrış gedirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
O axşam baxtımız nə gözəl oldu,
O axşam rəqsimiz nə yaxşı tutdu!
Heç kim bu məclisdən tərpənəmmədi,
Girişi bağladı, çıxışı tutdu.
Xəyala, duyğuya nur səpə-səpə
Ürəyi oxşadı, baxışı tutdu.
Zəlimxan bayramı başlayan axşam
Çoxunu “Zəlimxan qarğışı” tutdu.
Alçağı, nakəsi xır-xış edirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Bütün ürəklərə səpələnirdi,
Allahın müqəddəs nuru sözündə.
Zəriflik Borçalı ləhcəsindəydi,
Mərdlik duruşunda, sərtlik üzündə.
Dərdini alırdım öz ürəyimdə,
Gözünə dönürdüm mən də gözümdə.
Gedən torpaqları geri almışdı,
“Vaqif günləriydi Cıdır düzündə!”
Bir məbəd, bir heykəl çıxış edirdi,
Zəlimxan nə gözəl çıxış edirdi,
Zəlimxan nə gözəl çıxış edirdi!
Barat VÜSAL
|