ZƏLİMXANDAN SÖZ DÜŞƏNDƏ
Qanad açar könlüm quşu,
Şahinsayaq hər uçuşu.
Bahar eylər qarlı qışı,
Zəlimxandan söz düşəndə.
Sevinc qonar öz elinə,
El qovuşar saz selinə.
Xəyal qalxar at belinə,
Zəlimxandan söz düşəndə.
Duyar əhli-hal da yanar,
Kür quruyar, sal da yanar.
Saz alışar, tel də yanar,
Zəlimxandan söz düşəndə.
Yazıq Kərəm düşsə dara,
Dağı-daşı yara-yara
Nalə çatar Kamandara,
Zəlimxandan söz düşəndə.
Bin-bərəkət elə gələr,
Uçan sona gölə gələr.
Dağlar-daşlar dilə gələr,
Zəlimxandan söz düşəndə.
Nərə çəkər Əmrah özü,
Oda yaxar dağı, düzü.
Şimşək çaxar telli sazı,
Zəlimxandan söz düşəndə.
Borçalı bir ozan olar,
O da nəğmə yazan olar.
Hamı qaynar qazan olar,
Zəlimxandan söz düşəndə.
Gül-çiçəyin özü gülər,
Zirvələrin üzü gülər.
Bulaqların gözü gülər,
Zəlimxandan söz düşəndə.
Dostu mənəm, fikir verin,
Yerim dərin, göyüm dərin.
Ömrüm olar baldan şirin
Zəlimxandan söz düşəndə.
Qopuz ollam, elə dinnəm,
Dönüb coşqun selə, dinnəm.
Qəlbim dönər telə, dinnəm,
Zəlimxandan söz düşəndə.
Gözəllikdən min iz olar,
Qoşma toylu məclis olar.
Ruh cığalı təcnis olar,
Zəlimxandan söz düşəndə.
Təbriz deyər yaralarım,
Təbriz deyər qaralarım.
Təbriz olar ilk baharım,
Zəlimxandan söz düşəndə.
Dərə keçib, dağ aşaram,
Söz-söhbətə yaraşaram.
Mən də Zəlimxanlaşaram,
Zəlimxandan söz düşəndə.
Asimanda bir ad eylər,
Sorağını Bağdad eylər.
Bülbül susar, bağ dad eylər,
Zəlimxandan söz düşəndə.
Sona kəklik qaqqıldaşar,
Ələsgərlik canda yaşar.
Yerlər, göylər qoşmalaşar,
Zəlimxanla görüşəndə.
“Könlüm səsi” eli gəzər,
Taxar durna teli, gəzər.
Canda eşqin seli gəzər,
Zəlimxandan söz düşəndə.
Söz car olar, dastan deyər,
Gecə-gündüz dostdan deyər.
Aşıq zildən-pəsdən deyər,
Zəlimxandan söz düşəndə.
Cığalısı hay-haraylı,
Cığasızı şah saraylı.
Ocaq çatar hər gəraylı,
Zəlimxandan söz düşəndə.
Hər kəlməsi ağıl olar,
Bircə sözü nağıl olar.
Nadan dinlər, aqil olar,
Zəlimxandan söz düşəndə.
Sözü sözlər cövhəridi,
Hikmət ləli-gövhəridi.
Yer diksinib, dağ əridi
Zəlimxandan söz düşəndə.
Kərəm yandı, oda dindi,
“Zarıncı”da qada dindi.
Lal dinlədi, o da dindi,
Zəlimxandan söz düşəndə.
Gah kaman ol, gah da saz ol,
On bir telli min avaz ol.
Ay qarlı qış, sən də yaz ol,
Zəlimxandan söz düşəndə.
Bu torpağın balasıdı,
Elin ciyərparasıdı.
De, hələ bu harasıdı,
Zəlimxandan söz düşəndə.
Ürəyimdə min nisgil var,
O nisgildə min boran-qar.
Yada düşür hey Şəhriya,
Zəlimxandan söz düşəndə.
Sarı simdi həsrət ona,
Tale versin nüsrət ona.
Təbriz deyək qismət ona,
Zəlimxandan söz düşəndə.
Araz susuz torpaq olsun,
Torpaq puçur yarpaq olsun.
Səhənd bizə yaylaq olsun,
Zəlimxandan söz düşəndə.
Bilərsən ki, qüvvət nədir,
Bilərsən ki, qüdrət nədir.
Duyarsan ki, millət nədir,
Zəlimxandan söz düşəndə.
Azərbaycan görən gözü,
Azərbaycan – ürək sözü.
Azərbaycan – denən özü,
Zəlimxandan söz düşəndə.
Sözdən gərək söz isinə,
Tellər dinə, saz isinə.
Yığılmışıq istisinə
Zəlimxandan söz düşəndə.
Ellər olub Vurğun gəlib,
Kərəm gəlib, Məcnun gəlib.
Kamandarla Ceyhun gəlib
Zəlimxandan söz düşəndə.
Ər yığışıb, aslan gələr,
İnsanlığa insan gələr.
Keşəlidən Osman gələr,
Zəlimxandan söz düşəndə.
Dərviş Osman ƏHMƏDOĞLU
7 noyabr 1980
|