Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN KİMİ...


ZƏLİMXAN KİMİ...

 

Səhnə” qəzetinin 1993-cü il 7 avqust tarixli nömrəsində

 qələm dostum Zəlimxan Yaqubun “Yumruq kimi”

 şeirini oxuduqdan sonra

 

Oxudum şeirini, dostum, qardaşım,

Kaş yaza biləydim Sən yazan kimi.

Oxudum, göylərə ucaldı başım,

Vüqarlı Göyəzən, Savalan kimi.

 

Hər vuran ürəkdə olsa bu istək,

Heç zaman dəyişməz səmtini külək.

Sözdə yox, əməldə birləşə bilsək,

Hər yan şəfəq saçar gündoğan kimi.

 

Doğulduq vətənçün ölməkdən ötrü,

Vətənlə ağlayıb, gülməkdən ötrü.

Torpağın qədrini bilməkdən ötrü,

Ürəklər gen gərək Mil, Muğan kimi.

 

Cəsurluq deyildir hər oğlun işi,

Necə ki, bir olmur barmağın beşi.

Yayda buz ələyər qeyrətli kişi,

Yağar düşmən üstə qar yağan kimi.

 

Vallah, bir sinədə yerləşərik biz,

Hər an igidləşər, nərləşərik biz.

Polad yumruq kimi birləşərik biz,

Hamı birlik desə, Zəlimxan kimi!

Həmid ABBAS

1993

  Geri