BORÇALI
Abbası, Eyvazı, Zəlimxanı mən
Ömrünün, günümün davamı saydım.
Səndə doğulardım, səndə Borçalı
Bəlkə də, Qazaxda doğulmasaydım.
Vaxtaşırı gəlib, görmək istəsən,
Heç deməzsən nə uzaqdı Borçalı.
Xram çaydan bəri baxsan görərsən
Başdan-başa çıl-çıraqdı Borçalı.
Muğanlıdan, Qaçağandan nə deyim
Kişi qızdan, ər oğlandan nə deyim.
Saraçlıdan, Ağacandan nə deyim,
Sazlı, sözlü bir ocaqdı Borçalı.
Başkeçidin, ətəyi gül, başı qar,
Çiçəklərdən dəstə tutub ilk bahar,
Yaranışdan zirvə geniş, dərə dar,
Həm arandı, həm yaylaqdı Borçalı.
Dost yolunda əsirgəməz nə desən,
Harayına çatasıdı səsləsən.
Şirininə acı qatmaq istəsən,
Coşan seldi, yanar dağdı Borçalı.
Zəhmətilə daş-torpağa başlandı,
Bol məhsullu baxça-bağa bağlıdı.
Qazax ona, o Qazaxa bağlıdı,
Nə məğrurdu, nə xoşbəxtdi Borçalı.
Hüseyn Arif qonağındı bu gün də,
At çapmışam neçə toyda, düyündə,
Qədir bilən nəsillərin önündə,
Alnıaçıq, üzü ağdı Borçalı.
Hüseyn ARİF,
Xalq şairi
|