Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   GÖRÜRƏM

 

GÖRÜRƏM

 

Hər səni görəndə, dostum Zəlimxan,

Kədəri özümdən uzaq görürəm.

Şair ürəyində coşub çağlayan

Dumduru, tərtəmiz bulaq görürəm.

 

Üzündə təbəssüm, gözündə işıq,

Axır varaqlara şeir qarışıq.

Şairlə şairsən, aşıqla aşıq,

Sinəndə sönməyən ocaq görürəm.

 

Dağıt təkliyimin dar qəfəsini,

Gətir gül ətrini, gül nəfəsini.

Eşidim səsində qartal səsini,

Mən səni dərdimə ortaq görürəm.

 

Evin şəhərdədi, ürəyin kənddə,

Tapdın varlığını sən təbiətdə.

Saflıqdan yaranır söz də, sənət də,

Səni bu xislətdə uşaq görürəm.

 

Həmişə belə qal, dəyişmə qardaş,

Dilə düş, dillərdən sən düşmə, qardaş.

Döyüş – hər gədayla döyüşmə qardaş,

Onsuz da mən səni qoçaq görürəm.

 

Sənsən cavanlaşan, mənəm qocalan,

Şairlik haqqını bir az gec alan.

Hər sənə baxanda başı ucalan,

Sabahı möhtəşəm bir dağ görürəm.

 

Ömrümü versə də qara yel bada,

İnamla deyirəm yaxına, yada:

Sənin tək cavanlar varsa dünyada,

Tofiqin ruhunu oyaq görürəm.

Tofiq BAYRAM

1979

  Geri