Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DƏRDİMİ

DƏRDİMİ

 

Aşıq Ulduz, çox da dərdliyəm demə,

Söyləsəm qurtarmaz ilə, dərdimi.

Əldən gedib yurdum-yuvam, məskənim,

Yükləsəm çəkəmməz filə, dərdimi.

 

Babamın o yerdə izi qalıbdır,

Nənəmin nəğməli sözü qalıbdır.

Türk-oğuz yurdunun közü qalıbdır,

Töksəm də aparmaz Nilə, dərdimi.

 

Parçalanıb, şaqqalanıb vətənim,

Taptalanıb, hey talanıb vətənim.

Tonqallara çox qalanıb vətənim,

Töksəm, dərya olar gölə, dərdimi.

 

Düşmən əlindədir müqəddəs yerim,

Ləlim, cəvahirim, gövhərim, pirim.

Tez ayağa qalxsın igidim, ərim,

Bəlkə bu şad xəbər silə dərdimi.

 

Zorla köçürüblər oğuz elimi,

Bu qəm yükü yaman büküb belimi.

Dilim-dilim doğrayıblar dilimi,

Aşıqlar söyləsin elə, dərdimi.

 

Vətən həsrətini yazsın Zəlimxan,

Sücaət, Səadət, Alqayıt, Bəhman.

Qılınc çəksin ərlər, yetişib zaman,

Aqillər gətirsin dilə, dərdimi.

 

Həsən MİRZƏ,

professor

  Geri