GƏLMİŞƏM
Qoca təbiətin hökmünə bir bax,
Loğman yurdu Mərdəkana gəlmişəm.
Qurtarır azarı bu kəskin ocaq,
Bir dərd üçün min dərmana gəlmişəm.
Minnətdaram bu dövrana, bu baxta,
İqbala, həyata, taleyə, baxta.
Hicran məndən uzaqdadır, uzaqda,
Səadətli xoş məkana gəlmişəm.
Çatanda dostuna Şəmşirin halı,
Deyin çoxalmasın dərdi, məlalı.
Kəndi Kəpənəkçi, eli Borçalı,
Xəbər verin Zəlimxana, gəlmişəm.
Dəlidağın görüşünə qonaq gəl,
İstisuyu müqəddəs bil, bir isin.
Özün kimi şair təbli görərsən,
Kəlbəcərin Başlıbeldən bərisin.
Gələr Güllü nənən gərdəndə hörük,
Sən də oğul kimi gözünə görük.
Nurlu yağış yağsın, çaxsın şümşürük,
Qayalı dağları duman bürüsün.
Bahar təravətli, behli çəməndə,
Ahəstə, ufallı, mehli çəməndə,
Səhərin çağında, şehli çəməndə,
Ayaqların gül üstündə yerisin.
Sizə qismət olsun Qurban bulağı,
Aləmə bəllidi səddi, sorağı.
Alovludu onun şeir ocağı,
Sayə salsın, istisində dur, isin.
Bizim Sərinlidə olur çiyələk,
Arı şirə çəkir, bal verir çiçək.
Quzular mələşib, çalanda tütək,
Səs götürür çobanların sürüsün.
Dağlardan ilhamı alan bu aşıq,
Sazını ellərdə çalan bu aşıq,
Ellərin aşiqi olan bu aşıq,
İnsafdırmı qəm əlində çürüsün.
Mən səni qəlbimdə sanıram cahan,
Dünya sərvətisən, ey əziz insan.
Şəmşir sənin həvəsinlə, Zəlimxan,
Gözəl desin nəğmələrin gerisin.
Aşıq ŞƏMŞİR
1977
|