HARDADI
Zəlimxan, soruşma mənim halımı,
Necə deyim canda yara hardadı.
Ata fərzəndinə həsrət qalımı,
Bu xəstəni axtar, ara hardadı.
Mənim qibləgahım dahi, möhtərəm,
Əzabkeş mərizəm, dərdi bədtərəm.
Səxavət səndədi ey kani-kərəm,
Səndən qeyri dərdə çara hardadı.
Ərsəyə çatmışam Murov dağında,
Çox şərbət içmişəm Daşbulağında.
Alçaq azar tapdı qoca çağımda,
Mənim kimi bir füqəra hardadı.
Doğrusu, çaşıram sözümü birdən,
Azalır canımın dözümü birdən.
İtirib gəzirəm özümü birdən,
Kömək edən sənətkara hardadı.
Baxıram, görünmür Kəpəz, nə Qoşqar,
Nədən belə uzaq düşüb aralar.
Şəmşirin qəlbində hələ arzu var,
Əlim çatmır o dağlara, hardadı?!
Aşıq ŞƏMŞİR
21.10.1977
|