ZƏLİMXAN
Dürlü sözün nələr saldı yadıma,
Düşdü xəyalıma hara, Zəlimxan.
Ata övladına həsrət qalımı,
Sənətkarı axtar, ara, Zəlimxan.
Sığallı tellərə nə lazım sığal,
Fəhmimdə fərasət, başımda kamal.
Bir “Cəngi” oxuyum, eşit ləzzət al,
Səs yayılsın o dağlara, Zəlimxan.
Əlimdən gedibdi həya, ismətim,
Hələ müşkül haldı sözüm-söhbətim.
Taleyim yar olsa, olar qismətim,
Yönüm düşər o dağlara, Zəlimxan.
Aşiqə müqəddəs yol budu, dostum,
Bizə ilham verən el budu, dostum.
Qurbanın saldığı yol budu, dostum,
Rəhmət böyük sənətkara, Zəlimxan.
Fikir ver Şəmşirin çəkdiyi aha,
Söz ağır gəlməsin qadir Allaha.
Vurğunu çağırmaq çətindir daha,
Qövr edir sinəmdə yara, Zəlimxan.
Aşıq ŞƏMŞİR
1977 |