Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   KÖKLƏDİ

 

KÖKLƏDİ

     Şair dostum Zəlimxan Yaqub bizə qonaq gəlmişdi. Tam təsadüf nəticəsində onun gəlişi oğlum Nazimin ad gününə düşmüşdü. Onun buxara papağını, eşmə bığını görəndə ürəyimiz dağa döndü. Zəlimxan ad günü söhbətini eşidəndə ”Vay dadi-bidad, bilsəydim belədi, sazı da gətirərdim. O saz Nazimi evləndirməmiş bu evdən çıxıb getməzdim”,– deyib, şaqqanaq çəkib gülməyindən qalmadı.

“Narahat olma, bizim evdə də saz var” – deyib, şair dostuma ca­vab verdim. Evimizdə dostların hədiyyəsi olan, qara köynəyinin içinə çəkilib Saranın ölümündən sonra lal olub qalmış sazı Zəlim­­­xana təqdim elədim. Buyur, bu saz, bu da sən! Bahar buludu yağmaq üçün bir himə bənd olan kimi, Zəlimxan da bizi yan­dırmaq üçün bir himə, işarəyə bənd imiş.

 

Ürəyi haqdan köklədi,

Sazı Zəlimxan köklədi.

Leylini Məcnuna verdi,

Bir əhdi-peyman köklədi.

 

Üz-üzə, qol-qola çaldı,

Haqq dediyini yola saldı.

Sağolmuş, sağola çaldı,

Kökü sağoldan köklədi.

 

Əlini çəkdi bığına,

Girdi sazın qılığına.

Bir oğlumun sağlığına

Pirlərdən dastan köklədi.

 

Yunis İmrədən başladı,

Sözü sözlə naxışladı.

Can dedik, can bağışladı,

Can üstündə can köklədi.

 

Papağı ozan töhfəsi,

Döşündə sazın təhnəsi.

Tut arağı, dost süfrəsi,

Tut sazı tutdan köklədi.

 

Borçalıda gecələdi,

Damcılını incələdi.

Şuşa dedi, saz mələdi,

Yas tutdu, ehsan köklədi.

 

Gəraylıya pərdə seçdi,

Hecadan hecaya keçdi.

Bu saydan o saya keçdi,

Saydan bir divan köklədi.

 

Xan Arazı keçdiyini,

Zəmzəm suyu içdiyini,

Çində bir qız seçdiyini,

Arada pünhan köklədi.

 

Yaş ötüb, saça dən düşüb,

Dağlara duman, çən düşüb.

Sarasız ev kökdən düşüb,

Sazda bir divan köklədi.

 

Zəlimxan Nəriman dedi,

Mən can dedim, o can dedi.

İki Azərbaycan dedi,

Bir Azərbaycan köklədi.

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi

Noyabr, 2001.

  Geri