Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SEVİNCİM

SEVİNCİM

Sən mənim sadəcə redaktorum yox,

Umudum, həsrətim, həyəcanımsan.

Şeirimi bəyənsən, iki gözümdə

Sevinc yaşı adlı cüt ümmanımsan.

 

Nəşr olunan sözün özgə sehri var:

Ürəkdən qopubsa, söz ordu olar.

Mən şeirə bayraqdar, sən mənə simsar,

Mənimlə yanbayan dağçapanımsan.

 

İnsan məhəbbətlə işıqlananda

Ümman yaranarmış əl boyda canda.

Mənim hər misramı bu çətin anda

Qılnc edən ustam, ustaxanımsan.

 

Ucaldın gözümdə, bir də, iki də,

Ucalmaq yaraşır yalnız igidə.

Yeni səngər tapdım, inan, Bakıda,

Mənim səngərdaşım, səfyaranımsan.

 

Məslək yolçuları yaşarsa əlbir,

Nakəsi, namərdi tapıb birbəbir,

Bütün düşmənlərə qazaraq qəbir,

Görərəm, Sayanım, Savalanımsan!

 

Qılınc əlimizdən çıxandan bəri,

Bircə güvəncimiz sözün səngəri.

Vur! Bağrı yarılsın! Yaz, dönmə geri,

Sən şair qələmli qəhrəmanımsan.

 

Vətən imdad istər... imdadı bizik,

Dağ Fərhadı bəklər... Fərhadı bizik.

El yaralı tərlan... qanadı bizik,

Mənim şah damarda axan qanımsan.

 

Dilimin ucunda: Zəlimxan Yaqyb!

Analar nə gözəl oğullar doğub.

İlhamın nə qədər tülkülər boğub,

Mənim filyıxanım, şirboğanımsan.

 

Adicə bir otaq... sadə bir masa,

Miskindi ardında kişi olmasa.

Mən bir qönçə idim, dönmüşəm yaza,

Bağbanım, gülşənim, gülüstanımsan.

 

Ölsəm də, qəlbimdə kamım yox daha,

Kitabım əlinlə uçur sabaha.

Şair qula bənzər, şeiri Allaha,

Allah olmsan da, asimanımsan.

 

Döyüş meydanında yaşayan Xəlil,

Yalnız şair deyil, sözqoşan deyil.

Qorxur qəhrəmandan o beyni zəlil,

Vurulsam, yaramı bağlayanımsan.

 

Silirəm gözümün sevinc yaşını,

Əllərim oxşayır qoşqar başını.

Bağrıma basıram yaraqdaşımı,

Zalimlər qənimi Zəlimxanımsan!

 

Xəlil RZA,

Xalq şairi

Bakı, 1 aprel 1988.

  Geri