ZƏLİMXAN YAQUBA
Mənə inam kimi bax,
Sinə gərim çətinə.
Z. Yaqub.
Mən sənə inamla baxdım, a dostum,
İnam olan yerdə çətin də asan.
Bu sirli-sehrli həyatda, dostum,
İnamla boy atıb, böyüyür insan.
İnamla baxmışam, inamla ancaq,
Yazdığın əsərlər göz qabağında.
Mümkünmü inamsız zirvələr aşmaq,
Sənət dünyasında, söz ocağında.
Çoxuna tanışsan, çoxuna əziz,
Xəyalım həmişə varaq-varaqdır.
Ana Borçalıdan açılan ilk iz,
Uzaq ölkələrə uzanacaqdır.
Torpaq nə sevimli, torpaq nə dadlı,
Nə şimşək gurlasın, nə külək əssin.
Bir kitab da bağla Borçalı adlı,
Əllərdə dolaşsın, dillərdə gəzsin.
Bir elə nərə çək, hər yana yetsin,
“Koroğlu” kökündə telləri dindir.
Yaxın xəbər tutsun, uzaq eşitsin,
O yuva kimindir, o yurd kimindir?
Babalar qoruyub çətin ayaqda,
Bu geniş vətəni, ulu məskəni.
O şanlı, şərəfli kişilər haqda
Bir dastan gözləyir, bir dastan səni.
Bir oğul meydanda batmasın yasa,
Hünərlə, qeyrətlə o yaşa dolsun.
Əslinə, nəslinə oxşamayırsa,
Ona ana südü qoy haram olsun.
Məramı, məqsədi başqadır ömrün,
Çalış axşam-sabah gurlasın səsin.
Bizim tarix dolu o dünənki gün,
Dünənlə köhnəlib, dünənləşmə sən.
Ara tarixləri, ara dərindən
Bir əlində çıraq, bir əlində şam.
Şairəm, arabir yanılsam da mən,
Mən bu inamımda yanılmamışam.
Basılmaz, alınmaz bir qala kimi
Yaşa tufanlara sinə gərərək.
Sənə inanmışam bir bala kimi,
Mən ata Vurğuna inandığım tək.
İnamın şöhrəti ellərə düşdü,
İnam işdə hünər, döyüşdə zəfər.
İnamla dillərdən dillərə düşdü,
İyid Koroğlular, cəsur Kərəmlər.
İnam Babəklərin bükülməz dizi,
Xəyalən nələrin seyrinə vardım.
İnamsız ömr edən min qeyrətsizi
Zibil qutusuna töküb atardım.
Əbəs yayılmayıb bu səs, bu soraq,
Ey Odlar yurdunun od-alov oğlu.
Haqqa inanmaqdır sənə inanmaq,
Haqqa inanmamaq, rəzalətdi bu.
Çatmaz uzaqlara hər atılan ox,
Hər naşı özünü mahir sanmasın.
Xəsislər də çoxdur, dargözlər də çox,
Bir də inanmayan qoy inanmasın.
Söz yox ilhamına, şair qəlbinə
Sıxanda əlini inamla sıxdım.
Şair vicdanına, şair qəlbinə
İnamla vuruldum, inamla baxdım.
Hüseyn ARİF,
Xalq şairi
|