ŞAİR QARDAŞLAR
Dayanıb baş-başa, şair olublar,
Bu torpağa, daşa dair olublar.
Bir gözələ qoşa mail olublar,
Çəməndə Zəlimxan, bulaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Kökləyib sazını, yazıb şeirini,
Sənət meydanında tapıb yerini.
Yaxşı tamamlayır biri-birini
Ürəkədə Zəlimxan, dodaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Meydanda gədalar söz ala, qoymaz,
Ocaqlar, odlar, sozala, qoymaz!
Danəndə dədələr azala, qoymaz.
Kökdə Zəlimxandı, budaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Çıxanda pilləkan, qoşa pillədi,
Çaxanda şimşəkdi, qoşa lülədi.
Sıxanda düşmənə, qoşa güllədi,
Yaraqda Zəlimxan, daraqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Qazaxdı, Gəncədi, Borçalıdılar,
Vətəndən, torpaqdan güc alıbdılar.
Ömrü söz deməyə borc alıbdılar,
Qələmdə Zəlimxan, varaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Gözəl duyğularla gözəlləşəcək,
Yunis İmrələnib, Veysəlləşəcək.
Söz-söz, şeir-şeir heykəlləşəcək,
Torpaqda Zəlimxan, torpaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Göylərin, yerlərin təkcə yer var,
Tutublar könüldə nəkcə yer var.
Əbədi qalmağa ikicə yer var,
Huşda Zəlimxandı, qulaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Yumruqlar döyülüb, qaşlar çatılıb,
Ağrılar yiyəsiz... dərdlər atılıb.
Vətənə qurbanlıq yerlər tutulub,
Başda Zəlimxandı, ayaqda Barat,
Bakıda Zəlimxan, Qazaxda Barat!
Barat VÜSAL
|