ZƏLİMXAN
Yaman dolaşıbdi fikrim, xəyalım,
Ya mən gəlim, ya sən gəl, ay Zəlimxan.
Sən gedəli gör bir nələr olubdu,
Ərz edim, halımı bil, ay Zəlimxan.
Qarabağ dünyamnan qoparır məni,
Gümanlar qoynunda aparır məni.
Hicran baltasıynan qəm yarır məni,
Qanım olub Araz, Kür, ay Zəlimxan.
Günün günortası hava qaralıb,
Dərmansız xəstəlik milyon can alıb.
Bu millətin səbri yaman daralıb,
Pəjmürdə qalıbdı el, ay Zəlimxan.
Yoxsulluq ömürü eyləyib yarı,
Göylərə çəkilib dünyanın varı.
Boş pətək üstündə sızlayır arı,
Solub çəmənlərdə gül, ay Zəlimxan.
Butayam, yar odda qovurdu məni,
Alov əlləriylə yoğurdu məni.
Eşqinnən yanmağa çağırdı məni,
Məmmədim eylədi kül, ay Zəlimxan.
Səadət BUTA |