Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZAMAN SƏNİ DANA BİLMƏZ

ZAMAN SƏNİ DANA BİLMƏZ

 

Zaman bu kəsiri bitirməliydi,

Vaqifi bu günə gətirməliydi,

Sazla şeirimizi öpüşdürməyə

Bir şair Zəlimxan yetirməliydi.

Xəlil Rza Ulutürk

Xalq şairi

 

Zəlimxan Yaqub! Bu imza bu gün təkcə Azərbaycanda deyil, türkün ruhu dolaşan hər yerdə sevilir. Ona bu sevgini qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də bənzərsiz və təkrarsız nitq qabiliyyəti, fenomenal yaddaşıdır. “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən istiqlal şairimiz X.R.Ulutürk onu sadəcə şair yox, poeziya hökmdarı, xalqımızın başucalığı adlandırır: “Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azər­baycan xalqının başucalığı hesab edirəm”.

Z.Yaqub yaradıcılığını “şeirlə yazılmış poeziya tarixi” adlandıran Azərbaycan MEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor S.Xəlilov yazır: “Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstəviyə gətirilməsi sahəsində Zəlim­xanla mü­qayisə oluna bilsin”.

Bəs onu, unudulmaz şairimizin dediyi kimi,  poeziya hökmdarına, xalqımızın  başucalığına çevirən nədir, onu zirvələrə aparan yol hardan başlanır? Bu şöhrətin mayasında, kökündə nə durur? Bu suallara cavab kimi, akademik İ.Həbibbəylidən sitat gətirmək istəyirəm: “Zəlimxan Yaqub Azərbaycan mü­hiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənə­nə­lərini Kürün o tayından, bir regiondan – bölgədən ümum­vətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır”.

Bəli, ötən əsrin 60-cı illərinin sonunda Borçalıdan başlanan yol onu böyük türk dünyasına çıxardı. Millət vəkili, Azərbaycan MEA-nın müxbir üzvü, professor N.Cəfərovun fikirləri bu ba­xımdan səciyyəvidir: “Azərbaycan poeziyasının geniş səma­sın­da bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük audi­to­riyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədə­biyyatı dar sinələrin məhbə­sindən qurtararaq minlərin, mil­yon­­ların mənəvi istifadəsinə verdi”.

“Ədəbi tənqid Zəlimxan Yaqub fenomeni qarşısında mat qaldı”, - deyən N.Cəfərov eyni zamanda yazır: “Zəlimxan Yaqub Azər­bay­ca­­nın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şa­ir­­lərdəndir ki, onun yaradıcılığının cövhərində, maya­sında ila­hi is­tedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olma­saydı o, Zəlimxan Yaqub olmazdı!..”

 

***

“Sən öz məqsədinə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inadkarlığa, özünə inama! İstedad hələ hər şey demək deyil, əgər o, son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedə bilər. İstedad bircə çimdik də olsa kifayətdir, inadkarlıq isə dərya qədər olmalıdır” (A.Zqorj).Bu fikirlər sanki Zəlimxan Yaqub üçün deyilib: onda Tanrının bəxş etdiyi istedad da var, bu istedada güvənən özünəinam və inadkarlıq da. Bunu biz onun yaradıcılığa başladığı ilk illərdə yazdığı şeirlərdə görürük. Hələ 18-20 yaşında ikən yazdığı şeirlər ədəbiyyatımıza böyük bir şairin gəlişinin anonsunu verir, sözün yaxşı mənasında “Mən gəlirəm!” – deyir.

Böyük ədəbiyyata aparan yolda ilk addımlarını atan Zəlimxan Yaquba 1968-ci ildə Borçalının el ağsaqqalı, Əməkdar müəllim Rəşid Acalov:

 

Çəkinmə, hünərlə gir ümmanlara,

Qorxuda bilməsin ləpələr səni

 

-                 deyəndə, cavab verir ki, ünvanı bəlli olan bir səfərə çıx­mı­şam, yellər qanadımdır, şimşəklər sürətim, dərələr, təpələr yora bilməz məni. Qətiyyətlə “bu yoldan geriyə dönən deyiləm”, - deyir və bu yolun məsuliyyətini, çətinliyini göz altına alaraq, ağsaqqal qarşısında söz verir:

 

Əgər dediyimin üstə durmasam,

Zəhmətin canıma qoy qənim olsun.

Bu yolu hünərlə başa vurmasam,

Bütün bəşəriyyət düşmənim olsun!

                                (“Sönən deyiləm”)

 

O, çətin, məsuliyyətli, lakin şərəfli bir yola çıxdığını yaxşı bilir, öz gücünə və işinə güvənir, “yalnız özümə güvənəndə bərəkət oluram, dözüm oluram” deyir və atasına söz verir ki, bu yolda inamla addımlayacaq, onun üzünü ağardacaq:

 

Necə saçlarını ağartmışamsa,

Elə də üzünü ağardacağam!

             (“Atama, müəllimimə”)

 

Və elə həmin qətiyyətlə də deyir:

 

Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil,

Çünki mənim həvəsim ötərgi həvəs deyil. 

 

Sonradan zaman göstərdi ki, doğrudan da Zəlimxan Yaqubun ədəbiyyata gəlişi sadəcə ötəri gənclik həvəsi olmayıb. O, deyir ki, “ucalmaq eşqinə hamı düşsə də, ucalmaq hamıya qismət” olmur. Əməli xalqına yaraşıq olanlar, insanın, torpağın, havanın, suyun dərin qatlarına enəməyi bacaranlar ucalır, hər kəsi özünün imzası yaşadır.  Elə buna görə də  “Zəlimxan, sən hara, yorulmaq hara”, -  deyir. Çünki yaxşı bilir ki:

 

Şöhrət qapısını döyən kəslərin,

Gecikməz, qisməti vaxtına düşər.

Hər əsrin əlçatmaz bir zirvəsi var,

O da bir şairin bəxtinə düşər.

                             (“Şöhrət”)

 

Şair bu şeiri 1973-cü ildə - 23 yaşında yazıb. Nəğmə kimi oxunan, xalı kimi toxunan, həm nəğmədə, həm xalıda keçən günlərinin çoxu nur olan şair əlli yaşında isə yazır:

 

Mənim ömrüm birlə yüzün arası,

Bütövündən qalıb ancaq parası.

Əlli keçib, altmış hələ qabaqda,

Gətirmədim heç kəsə üz qarası!

                      (“Mənim ömrüm”)

 

“Qaş-qabağı qara bulud”, qapısı kilid görməyən, qəlbi zülmətdən uzaq olan, bəndəlikdən haqqa doğru yol gedən, “kimə bəxt, kimə qismət, yazı” olan, həyatını Vətəninə, xalqına, millətə xidmətə həsr edən və bundan mənəvi zövq alan şair təkcə özü üçün yaşamadığına görə şükür edir:

 

Ömür yolu öz məsləkim, öz andım,

El dərdini sözə tutan ozandım.

Rahat ölmək xoşbəxtliyi qazandım,

Özüm üçün yaşamadım, çox şükür.

                                 (“Çox şükür”)

 

Zəlimxan Yaqubun sözü ən müqəddəs halallıq bilən qələmi nə sükut bilib, nə lallıq, şirəsini dağdan, qayadan çəkib, kimsənin haqqını danan olmayıb. Borçalıdan qanadlanan şeir-sənət yolu səsli-küylü gündüzlərdən, sakit gecələrdən, zildən, bəmdən, sevincdən, qəmdən, alnındakı tərdən keçib, güvəndiyi zəhmət yolu onu yarıyolda qoymayıb:

 

Özbaşına ələnmir ki, başıma,

Göydən enir, yerdən çıxır sözlərim.

Gecə-gündüz əlimdəki qabardan,

Alnımdakı tərdən çıxır sözlərim.

 

Burada yazıçı-publisist Arif Əmrahoğlunun dediklərini xatır­latmaq istəyirəm: “Böyük Yaradan Zəlimxan Yaquba nə veribsə, nə verirsə, iste­da­dından, zəhmətsevərliyindən başqa bir də məhz ürəyinə görə verib və verir – heç kəsə həsəd aparmır, qələm dost­larının uğur­la­rına milli sözümüzün uğuru kimi sevinməyi, ölüyə hörmət, diriyə qayğı, ağsaqqala, ağbirçəyə ehtiram göstərməyi, cavanların qo­calmadan, elə gənckən istedadlarını və potensi­allarını gerçək­ləş­dirməyə maddi-mənəvi şərait yaradılmasını istəməyi və bunun üçün əlindən gələni etməyi bacarır”.

“Dünyanın dəmindən çox qəmini”, talenin neçə bəxtikəmini görən, qat-qat olan ağrı-acılardan gah yanan, gah donan, gah da bu dünyanın işlərinə mat qalan, “mənə neylədisə, həyat eylədi”, - deyən şair kövrək bir ürək sahibidir:

 

 Əllərimin içindədir gözümün yaşı,

Tanrı məni yaradanda kövrək yaratdı.

Dərdə yuva, qəmə beşik, həsrətə məskən,

Sinəm altda bir narahat ürək yaratdı.

                                             (“Yaratdı”)

 

“Dünyaya birgünlük gəlməmişəm mən” – deyən şair  yaxşı insanların qayğısını görüb, bir dərdi olanda həmdərd tapıb, onu “qala kimi qoruyan” yaxşı dostların əhatəsində olub, heç zaman yalqız qalmayıb, daim elin sevgisindən güc alıb:

 

Elin qəlbi bir dünyadır, bir cahan,

Şair üçün cahan sirdi, sirr cahan.

El sevgisi qoymadı ki, bircə an,

Yalqız qalım, yasa batım, yaslanım.

(“Dost üçündü şeirim, sözüm, dastanım”)

 

“Yeddidən yetmişə bütün yolları” keçən, sayılmaz sayların, lal axan çayların, yazda sevənlərin, payızda toyların, ucalan boy­la­rın, günlərin-ayların, buludda layların, eləcə də, itən ümidlərin, axan qanların, zatıqırıqların, toxumu zayların da dilini öyrənən şairin dosta məhəbbəti “dərindən dərin”, düşmənə nifrəti “sə­rindən sərin” olub, “dili dərd dili” olan insanların “daxmasına ge­dən pay”a dönüb, dərd ilə həmişə söhbəti tutub:

 

Ağlayan kamandı, uddu söhbətim,

Alovdu, atəşdi, oddu söhbətim.

Dərd ilə həmişə tutdu söhbətim,

Ahların, vayların dilini bildim.

     (“Dilini öyrəndim bütün dillərin”)

 

Bunun nəticəsidir ki, “köhləni karvan yollarına çıxan” şair “dərin dərələrdə itib-batmır”, onu ucalar öz qoynuna səsləyir, əlli yaşlı Zəlimxanı yüz yaşlı qocalar da tanıyır:

 

Ömrə axşam düşür, ömrə dan gəlir,

Qəlbə xal düşəndə, gözə qan gəlir.

Gördü əlli yaşlı Zəlimxan gəlir,

Tanıdı yüz yaşlı qocalar məni.

(“Tanıdı yüz yaşlı qocalar məni”)

 

Z.Yaqub deyir ki, bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm, bir gözəllik görəndə duruldum, şehə döndüm, bir xəyanət görəndə polad zirehə döndüm, yerin-göyün ləngəri, zirvələrin ucası, palıdların qocası, sözün hökmü, kəsəri, ömrün neçə səfəri, haqq axtaran kəslərin  Haqdan gələn xəbəri, elin dərdi, kədəri könüllərin qəhəri, bəd nəzərlərdən qoruyan Tanrının xoş nəzəri məni şair elədi! (“Şairlik”)

Zəlimxan Yaqub ömür adlı bir yükü çiyinlərinə alıb qışdan yaza çıxıb, yazdan yaya gəlib, yağış kimi torpağın ciyərinə hopub, şimşəklərlə döyüşüb, ilk yuvası qarlı zirvələr olub, gülləri-çiçəkləri saya-saya gəlib, dən-dən olub dünyanın ələyin­dən keçib, Haqqın verdiyi haqqı-saya gəlib (“Gəlmişəm”).

Kimdir Zəlimxan? Hardan gəlir Zəlimxan? Onun bunca oxucu rəğbəti, ümumxalq sevgisi qazanmasının səbəbi nədir?  Bu suallara cavab tapmaq üçün elə onun öz şeirlərinə müraciət etmək kifayətdir.

Zəlimxan Yaqub bir ovuc torpağın, bir qurtum suyun, bir əsim küləyin, bir əlçim buludun, bir udum mehin, bir çaxım şimşəyin, sünbülün, bir şirin diləyin yetirməsidir, nazını bərəkətli tarlalar, zəmilər, al-əlvan çiçəkli çəmənlər çəkib,  bulaqlar kön­lünə süzülüb, ocaqlar közündən od verib ona  (“Yetirməsiyəm”).

Ruhu halal mayadan, mayası nurdan, ziyadan yoğrulan, Haqqın yaraşığı olan sözə tapınan Zəlimxan Yaqub İlahi səsdən, ələmdən, yasdan, Haqq adlı dostdan gəlib. Gül kimi açılaraq gü­lüstan olub, “mənəm Haqqın aşığı” deyərək sinəsində türkün sazı, dilində dastan  Füzulidən süzülüb, Yunusdan gəlib.  (“Gəldim”)

Qəlbin xəstəliyi adlandırdığı qərəzi heç zaman yaxına buraxmayıb, bir çiçəyi vaxtsız solan görəndə xəzana dönüb. Tale onu söz üstə kökləyib, qələmdən pay verərək yazı yazanlara qarışdırıb, bir kök üstə şaxələnib min budaq olub. (“Ozan olub ozanlara qarışdım”)

Qeybətdən, dedi-qodudan uzaq durub:

 

Otuz il əlimdə qələm işlədi,

Varağa bir kəlmə qeybət düşmədi.

Əsdi mən tərəfdən sevda yolları,

Heç kəsin payına nifrət düşmədi.

 

“Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam”, - deyən şair onu duya bilməyənlərə, “Zəlimxan Yaqub hardadır?” – deyənlərə çox aydın cavab verir ki, “ey əsli olmayan kəs, duya bilməzsən məni”, mən soyda, kökdə, əsildə, zatdayam, Adəmdən, Nuhdan gələn yolların yolçusuyam, Haqqa çataçatdayam, “məndə məni görməyə səndə bir mənlik gərək” (“Həmişə həyatdayam”). Belələrinə həm də deyir ki:

 

Sən şeytan yoluyla qazandığını,

Mən Allah yoluyla çoxdan almışam.

Boynumda heç kəsin minnəti yoxdur,

Mənə nə verilib, Haqdan almışam.

(“İtirdiyim dosta ərməğan”)

 

Dünyaya böyük bir missiya ilə gəldiyini bilir və deyir:

 

Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim.

Yazıldı alnıma sözün qisməti,

Sözümü zamana deməyə gəldim.

(“Gəldim”)

 

Şairlik Allah vergisi, fitri istedad olmaqla yanaşı, həm də bö­yük zəhmət, yuxusuz gecələr deməkdir, təbiəti və insanları duy­maq və sevməkdir, daim xalqın içində olmaq, onun dərdinə-sə­rinə qalmaq, sevincinə şərik olmaqdır.

Professor N.Şəmsizadə yazır: “Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının  işığında gedir”.

Professsor M.Məmmədli isə “Tanrı Zəlimxanı şair yaratmaqla onu mükafatlandırıb. Tanrı payı Zəlixan Yaqubun ən böyük mükafatıdır”, - deyir.

 Z.Yaqub da “Mən hardan bilərdim şairlik nədir?” şeirində deyir ki, torpaqdan, toxumdan, dəndən, Qurandan, dindən, dərdlinin göylərə səs salan ünündən, qopuzdan, Qorquddan gəl­mə­səydim, ana təbiətin yaratdıqları qəlbimi riqqətə gətirməsəydi, göylərdən süzülən pıçıltıları könül duymasaydı, mən hardan bilərdim şairlik nədir.

“Şair qələmiylə işin olmasın” şeirində şeir-sənət qədri bil­mə­yənlərə, poeziyanı duymayanlara üz tutaraq deyir ki, “qələmin dün­yası ocaqdı, pirdi”, mənim qələmim ustadların yoludur, oca­ğın, pirin yolunda can verib, şərin qarşısını kəsən hasara çevrilib. Bu qələm göydə mələkdi, yerdə pəridi, Koroğlu dəlisidi, dərvişdi, ozandı, zülmətlərə işıq saçandı. Dərviş Yunusdan dərs alıb ərən­lər sözüylə vüsala çatan bu qələm “hər ulu kişiyə bir əsər yazıb”. Şa­ir sözünə biganə olanları, ona şübhə edənləri Haqqın qəzəbin­dən qorxmağa çağırır.  Şair “bostanına daş atanlara” təəssüf his­si­lə deyir ki, əl sənin olsa da, atdığın daş səninki deyil, “ağıl özgə­nindi, baş sənin deyil”.

“Dünaya gərəyəm” şeirində:

 

Dünya məndən keçsin, özünə baxsın,

Göz kimi gərəyəm mən bu dünyaya

 

-            deyən  şair bu dünyaya gərək olduğunun fərqindədir və deyir ki, “gərəksiz, Allahın xoşuna gəlməz”, mən də bu dünyaya söz kimi, “sönən ocaqları qalamaq üçün köz kimi” gərəyəm:

 

Yerin ləngəriyəm, göyün qatıyam,

Bir layla, bir qoşma, bir bayatıyam.

Duyan könüllərin havacatıyam,

Söz kimi gərəyəm mən bu dünyaya.

 

Sonralar “Mən bu dünyaya niyə gəldim, faydalı bir iş görə bildimmi, savabımmı çox oldu, güna­hımmı?” – deyə özü-özünə sual edən Z.Yaqub  hələ 1977-ci ildə yazdığı şeirlərindən birində deyir ki, “elə arxalansa şair ilhamı,onu şimşəklər də yenəsi deyil”. Söz adamının qismətinə yazılan tale ilə barışır:

 

Şair olan öz ömrünü yaşamır,

Dərdin-qəmin bol ömrünü yaşayır.

Yolçuların yoldaşına çevrilir,

Cığır açır, yol ömrünü yaşayır.

 

Söz üçün ən ulu dərgaha varıb, sözün eşqinə sinəsini yarıb, söz dalınca səfərə çıxıb, dolu gedib, dolu gəlib, sonunda özünə çatan yolu gəlib Zəlimxan Yaqub. Heç nə qarşısını kəsə bilməyib, çün­ki sözü ötkəm, inamı qəti olub. Elə buna görə də inamla deyir:

 

Məni qorxutmadı heç vaxt, heç zaman

Birinci olmağın məsuliyyəti.

 

Bəli, birinci olmağın məsuliyyəti onu heç zaman qorxutmayıb, öz gücünə, zəhmətinə və istedadına arxalanaraq şöhrətin zirvəsinə aparan yolda inamla addımlayıb. “Üzü qaralmasa ağ varaqların, şairin həyatda üzü ağ olmaz”, - deyib, qələm adamı kimi, bir həqiqəti unutmayıb: “Yazanlar qaldı yaddaşda, yatanlar şair olmadı”.  Haqq əmək isə heç zaman yerdə qalmır:

 

Kitab çəmənindən gül dərə-dərə,

Kitablara döndü alnımın təri.

Bu gün də qaldırır məni göylərə,

Müəllim atamın öyrətdikləri.

 

Şairin yolunu bərəkət yolu hesab edib “dən-dən könüllərə səpələnən”,  bir dağa söykənib “neçə min il yaşamağa heyi var mənim ömrümün” deyən, sərvəti “söz adlı zəmi” olan şair “haçansa bir insan gələr, əldə çıraq gəzər məni” deyir və haqlı olaraq artıq indidən əbədiyaşarılıq qazandığına inanır:

 

Daha gecdi, könüllərdə kitabım var,

Qat-qat olan qayaların qaşı qədər.

Daha gecdi, zaman  məni dana bilməz,

Yaşamışam bu dünyanın yaşı qədər.

Musa Nəbioğlu
Əməkdar mədəniyyət işçisi

  Geri