
Musa YAQUB
“BİR BABANIN İKİ ÖVLADIYIQ“
"O, dilimizə çox gözəl sözlər gətirib"
Mən Zəlimxan Yaqubu klassik irsimiz olan aşıq poeziyasından, eyni zamanda, torpaqdan, eldən qidalanan bir xalq şairi hesab edirəm. O, Azərbaycan ədəbi dilinə çox gözəl sözlər gətirib. Zəlimxan Yaqub bir şair kimi bizim ürəyimizdən xəbər verən bütün sözləri yazıb. Şairlik fərdi bir yaradıcılıqdır, şairlər öz qəlbindən süzülüb gələni yazır. Ona görə də şair heç kəsə demir ki, mən bu, ya da digər bir mövzuya müraciət etmişəm. Hətta o, adi bənövşəyə və gözəlliyə aid şeir yazsa belə, öz fərqli baxışını nümayiş etdirə bilir. Bu baxımdan Zəlimxan Yaqubun fərqli baxışı, münasibəti var. Bu fərqlilik də şairin o gözəlliyə, o bənövşəyə olan yanaşma tərzində özünü büruzə verir. Yəni o fərqlilik daha bənövşədə, gözəllikdə deyil, şairin öz içindən gələn sözlərdə üzə çıxır. Zəlimxanın şeirlərində oxucunu dəbərdən belə məqamlar çoxdur. Bütün bu sadaladıqlarımla yanaşı Zəlimxan həm ictimai-siyasi, həm təbiət, həm insan, həm də gözəllik mövzusunda gözəl əsərlər yaradıb. Onun xüsusilə aşıq şeirimizin ənənələrini davam etdirən gözəl söz qatarında xeyli zəhməti, izi var. Bunu heç kəs unuda bilməz.
"Yazdıqları insanlığının təcəssümüdür"
Zəlimxan Yaqubu bir insan kimi təhlil etməzdən öncə deyim ki, gözəl duyğuları, şeirləri, saz ahəngini yaşamış, qələmə almış bir insan pis insan ola bilməz. Zəlimxan Azərbaycan torpağının yetişdirdiyi ən gözəl insanlardan biridir. O, bu torpağı, eli sevən və sevgisini şeirləri ilə göstərə bilən insandır. Həm də Zəlimxanı onun poeziyasından ayırımaq və insan kimi təhlil etmək mümkün deyil. Çünki onun insanlıq keyfiyyətləri ilə yaradıcılığı bir-birini demək olar ki, tamamlayır. Adam var ki, adama salam vermir, yoldaşlıq etmir, amma onun şeirləri ilə çox yaxşı dostluq edə bilirsən. Onu şeirlərindən çıxış edərək, insan kimi qiymətləndirə bilirsən. Şairin tək özü ilə yox, eyni zamanda onun şairliyi və şeirləri ilə dost olan hər kəs onu yaxşı bir insan hesab edə bilər. Çünki yazdıqları da onun insanlığının təcəssümüdür.
"Zəlimxanla çox yol yoldaşı olmuşuq"
Mən hələ o zamanlar ilk kitabımı imzalayıb ona hədiyyə vermişdim. Hər dəfə də görüşəndə deyir ki, o kitabı hələ də qoruyub saxlamışam. Biz bir babanın iki övladıyıq. Bir də ki fərqi yoxdur, bir dünyanın insanları, xüsusən də şairlər bir-birinə yaxın dost ola bilər. Biz Zəlimxanla çox yol yoldaşı olmuşuq. Türkiyə və digər ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişik. Bu ünsiyyət müəyyən mənada yaxınlığa, təbii ki, dostluğa da gedib çıxır. Amma son zamanlar onun səhhətində problemlər yaşandı. İstərdim ki, o, tezliklə sağalsın və yenidən dost kimi yol-yoldaşı olaq.
|