Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Böyük söz Fatehi

 

Böyük söz Fatehi

Xalq şairi Zəlimxan Yaqubun hələ görəcəyi xeyli xoş günlər, göstərəcəyi poeziya möcüzələri qarşıdadır.

          Zəlimxan Yaqub. Bu ad nəinki Borçalıya, Azərbaycana, bütün Türk dünyasının ədəbiyyatsevərlərinə, poeziyasevərlərinə yaxşı tanışdır. Vətənin qıraqda qalan yeri Borçalı mahalının Kəpənəkçi kəndindən başlamış Türk Dünyasının istənilən obasına, köyünə, auluna qədər hər yerdə Zəlimxana sevgi var, məhəbbət var. Zəlimxan Yaquba olan sevginin, məhəbbətin sınırı, sərhəddi yoxdur.

Bütün Müsəlman

Dünyasının şairi

          Zəlimxana söz Haqqdan gəlib, Allahın çox gözəl bəndəsidi Zəlimxan Yaqub.Necə ki şeirlərindən birində deyir:

 

........Zəlimxanın ürəyi bir saraydı,

Qonaq olun, ay Allahı sevənlər....

 

Zəlimxan Yaqubun sınır tanımayan poeziyası İslam dininin hüdudsuz həşəməti ilə düz mütənasibdir. Buna görə də onu həm də bütün Müsəlman Dünyasının şairi adlandırmaq olar. Ayrı-ayrı poeziya nümunələri Zəlimxan Yaqubun qəlbən Allaha necə yaxın bir müsəlman kişisi olduğunu sübut edir. Məsələn,

....Bir köynək Allaha yaxın olanlar,

Min köynək şeytandan uzaq olurlar...

Yaxud,

....Yerə girsən, göyə çıxsan,

Elə bilmə gizlənmisən,

Hər zərrədə Yaradanın

Nəzarəti, nəzəri var....    

Zəlimxan Yaquba görə haqq şairləri Allaha bir köynək yaxın olan insanlardır. Bunu şairin aşağıdakı misraları təsdiqləyir.

Misalçün,

.....Yaxşı bir əsəri varsa şairin,

Onu şair yazmır, Allah yazdırır....

Və yaxud,

.....Qibləsi fikirdi, Tanrısı sözdü,

Allah doğrudu yönü şairin...

Başqa bir misal:

.... Harda bir tükənməz ilham

qaynasa,

Orda ilahinin iştirakı var

Zəlimxan Yaqub insanlara doğru yol göstərən, Allah sözü olmaqla bahəm həm də möhtəşəm ədəbiyyat nümunəsi olan Qurani-Kərimi belə vəsf edir:

.....Qüdrətdən işlənib ilməsi, sapı,

Dağılmaz Quranda yapılan yapı...

Müsəlmanların müqəddəs ocaqlarını ziyarət edən şair yaşadığı hissləri belə təsvir edir:

....Qara daş sehrini

duyanda insan,

Heyrətdən daş olur,

Allah evində!...

İslam peyğəmbərinin nəvələrinin elə “müsəlmanlar” tərəfindən qətlə yetirilməsi, Kərbəla faciəsi, imamların şəhidlik zirvəsinə ucalması çox şair və yazıçıların müraciət etdikləri mövzudur.

...Kərbəla düzündən torpaq

götürdüm,

Tapdım sərvətimi, tapdım zərimi.

-deyən Zəlimxan Yaqub da bu mənada istisna deyildir. Ömrü boyu “haqq” deyib, “haqq” çağırıb, haqq eşqinə yazanları bəxtəvər hesab edən Zəlimxan Yaqubun haqq işığından nur alaraq ərsəyə gətirdikləri onu daha əvvəl Haqqı görmək müstəvisində vəhdəti-vücud səviyyəsinə yetişərək sonsuz ləzzəti dadmış İmaməddin Nəsimi, Yunus İmrə, Cəlaləddin Rumi, Məhəmməd Füzuli ilə bir mərtəbəyə yüksəldir.

 

Sələflərin

qədirşünas xələfi

Özündən bir mərtəbə yuxarıda hesab etdiyi müqtədir söz sahiblərinin qədrini bilir Zəlimxan Yaqub. Onun müəllifi olduğu, neçə illər çəkdiyi zəhmətin, apardığı araşdırmaların nəticəsi olan “Peyğəmbər” əsəri, Nizami Gəncəviyə, Yunus İmrəyə, Məhəmməd Füzuliyə, Aşıq Ələsgərə, Cavid Əfəndiyə, Mirzə Ələkbər Sabirə, Hüseyn Arifə, Məmməd Araza, Xəlil Rzaya, Dadaloğluna, Aşıq Kamandara, Məmməd Aslana, Aşıq Müseyibə, Miskin Abdala həsr etdiyi şeirlər sələf-xələf münasibətlərinə əsl qədirşünaslıq nümunəsi kimi dəyərləndirilməlidir. Onun Atatürk köşkündə keçən günlərində qələmə aldıqları, Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələrini əks etdirən yazıları da bu qəbildəndir.

 

Haradan

başlayır Vətən

Zəlimxan Yaqub şair kimi əvəzolunmaz şairdi, insan kimi gözəl insandı, eloğlu kimi gözəl eloğludur. Bir faktı da qeyd edim ki, Zəlimxan Yaqub KİV-dəki bütün çıxışlarında, yazılarında mütləq Borçalının Kəpənəkçi kəndində anadan olduğunu vurğulamasa, olmur. Ona görə ki, kəlbəcərlilər elə biləcəkdilər Zəlimxan Yaqub da kəlbəcərlidi. “Kəlbəcərdə oxunan nəğmələr”,

“Kəlbəcərdən gələn qarı” şeirlərini oxuyanlara belə gələcəkdi...Şuşalılar elə biləcəkdilər Zəlimxan Yaqub şuşalıdı, Şuşanı, yuxusunda Cabbarı, Xanı ağlayan, Pənah xanı qəzəbindən

tir-tir əsən halda gördüyünü yazan, Cıdır düzündəki “Xarı Bülbül”ü gözü yaşlı, İsa bulağını qan fışqıran halda təsvir edən şairi şuşalılar “özəlləşdirəcəkdilər”... Göyçəlilər elə biləcəkdilər Zəlimxan Yaqub göyçəlidi. Onun “Göyçə dərdi” poemasını oxuyanlar başqa cür nə düşünməlidirlər ki?! Zəlimxanın “Xocalı laylasını”nı dinləyən xocalılar da, “Ağdam Qarabağın toy otağıydı” şeiri ilə tanış olan ağdamlılar da həmçinin.

          Əslinə qalsa, Zəlimxan Yaqub üçün belə bir bölgü yoxdu. Onun üçün bir sevgi var- Bütöv Azərbaycan sevgisi. Bunlar heç də gəlişi gözəl sözlər deyil. Zəlimxan Yaqubun yaradıcılığını izləyənlər bu həqiqəti təsdiqləyirlər. “Ağrı”, “Mərdimiz-dərdimiz”, “Kimdi səni bu qapıdan buraxan”, “Gecikmiş etiraf”, “Torpaq kimi”, “Təbrizdən ayrılanda” adlı şeirlərində şairin cəmiyyət həyatında baş verənlərlə və milli varlığımızın gələcək taleyi ilə, bütövlüyü, tamlığı ilə bağlı narahatlığı əks olunur. Hiss olunur ki, bu şeirlərin hər biri şairin mənsub olduğu millət qarşısında cavabdehlik hissindən, şairlik adının üzərinə qoyduğu vətəndaşlıq məsuliyyətindən doğmuşdur.

Qeyri-adi

istedad sahibi

 Bizim Türk Dünyamız çox böyük alimi Şamil Qurbanovun təbirincə desək, bu adam ( Z. Yaqub-müəllif) qeyri-adi istedad sahibidi. İstedad bir çoxlarında ola bilər. Amma qeyri-adi istedad hər adamda ola bilməz. Bu bir faktdı, məlum həqiqətdi, danılmaz gerçəklikdi ki, Zəlimxan Yaqub klassik ədəbiyyatımızı əzbər bilir. Əzbər bildiyi kimi də, həm də özü gözəl saz havaları çalır, çox gözəl avazla oxuyur. Bütün bunlar hamısı Allah-təalanın ona verdiyi qeyri-adi qabiliyyətdi, fitri istedaddı.

          Zəlimxan Yaqubun qabiliyyəti, istedadı həm də təqlidolunmazdı. Yeri gələndə nadir özəlliklərə malik şəxslər və onları təqlid etməyə çalışanlar haqda belə bir məsəl işlədirlər: “Filankəs bəhmənkəsin ayaqqabısını geyinər, amma yerişini yeriyə bilməz”. Zəlimxan Yaqubun isə nəinki yerişini yerimək, hətta heç ayaqqabısını belə heç kim geyinə bilməz. Çünki onun elə varlığı bu xalqa, bu millətə bəsdi. Çünki o, bütün varlığıyla, cismi-canıyla Azərbaycan xalqının, Azərbaycan torpağının fanatıdı, vurğunudu, sözün həqiqi mənasında. Bu fanatlıq, bu vurğunluq onun hər yazısında hiss olunur. Bizim Azərbaycanda yeganə “Maksim Rılski mükafatı” laureatı olan şairimiz Abbas Abdullanın bir gözəl sözü var:

Qara torpağına sürtdüm üzümü,

Üzüm el yanında ağardı, Vətən

Bu sözlərlə vəsf olunan üzağlığını, başucalığını bütövlükdə Zəlimxan Yaqubda görmək olur.O, həqiqətən tərənnümə layiq şəxsiyyətdi, Vətənin ləyaqətli oğludu. Zəlimxan Yaquba olan sevgimin nəticəsidi, onun haqda bir ibarə işlətmişəm: “Böyük söz Fatehi”. Nədənsə mənə elə gəlir ki, bu söz birləşməsini ilk dəfə mən dilə gətirmişəm, bu üç sözü eyni məxrəcə mən gətirmişəm. Bəlkə də bu elə doğrudan da belədir. O, aydın, axıcı, “durnanın gözündən də duru” sözlərdən istifadə edir, dupduru beytlər, dupduru şeirlər ərsəyə gətirir. Hansı şeirini “qurdalasan”, içindən xalq çıxır. Dupduru, yaylağın təkindən qaynayan çeşmədi Zəlimxan poeziyası

Aylı gecə qardaşıdı gündüzün,

Gəlişinə çiçək səpin, gül düzün.

Dağ qartalın, daş kəkliyin, gül düzün,

Yol yolçunun ürəyində yaşayır.

Hansı şeirini qurdalayırsan, hamısı təpədən-dırnağadək atalar sözüdü, kəlamdı, hikmətdi. Zəlimxan Yaqubun əsərləri bədii idrakın hüdudlarını nəhayətsizliyə qədər genişləndirən və çağdaş həyatımızın gerçəklərindən güc alan aforizmlərlə doludur. Onun poeziya nümunələrini “bu yaxşıdı, o biri daha yaxşıdı”-deyib seçim aparmaq olmaz. Ən məşhur söz xiridarları belə seçə bilməz ki, Zəlimxan Yaqubun filan sözü hikmətlidi, digəri yox. Fikrimi qüvvətə mindirmək üçün elə Z.Yaqubun şeirlərindən birinə müraciət edirəm.

Öz eşqi var, hər ucalan zirvənin,

Dağa təpə deyilməz ki, deyilməz.

Şimşəklərin pəncəsində didilməz,

Sel ağzında yeyilməz ki, yeyilməz.

Diri var ki, tez bükəsən ağlara,

Ölü var ki, dayaq olub sağlara.

Qarğaları qaldırasan dağlara,

Qartal kimi öyülməz ki, öyülməz.

 

Hər ucalıq  bir alçağa dərd olar,

Üzə gülər, ürəyində pərt olar,

Ömrü boyu mətin olar, Mərd olar,

Sərt qayalar əyilməz ki, əyilməz.

Zəlimxan Yaqubun qələmindən nə çıxıbsa, Azərbaycan xalqına qalan sərvətdi. Özü demişkən,

Yazanda elə yaz kitabını sən

Qalından olmasın, qalandan olsun!...

Bizim mərhum filosof Asif Əfəndiyev gözəl şairimiz Əli Kərim haqda yazılarından birində qeyd edir ki, “Nizamilər, Füzulilər, Sabirlər, Vurğunlar adlı uca zirvələr səltənətində saf bir bulaq var- Əli Kərim bulağı. Yolçular onun yanında ayaq saxlar, bənzərsiz suyundan içər və yollarına davam edərlər, uca zirvələrə aparan yollarına....” Elə Zəlimxan Yaqubun da Azərbaycanda, Borçalıda, Türk Dünyasında, bütün dünyada istədiyin qədər bulaqları var. Hansı bulaqdan içirsənsə-iç, hiss eləyəcəksən ki, bunun suyu bənzərsizdi. Çünki o, Zəlimxana məxsusdu.

 

Zamanı zamanında

yaşayan şair

Zəlimxan Yaqubun “Mən zamanı zamanında yaşadım” adlı bir şeiri var. Həmin şeir bu kupletlə sonuclanır:

Ürəyində buz yaşamaq-faciə,

Yarasında duz yaşamaq-faciə.

Gec yaşamaq, tez yaşamaq-faciə,

Mən zamanı zamanında yaşadım.

 

Düşünürəm ki, zəmanə, onun dəyişməsi məfhumları nisbidir. Zamanı intervallara bölən də, həmin intervalları bir-birindən fərqləndirən də, həmin fərqləndirici əlamətləri yaradan da, həmin əlamətlərin özü kimi xidmət edən də məhz insandır. Zəlimxan Yaqub kimi insanlar gec-gec dünyaya gəlirlər, yaşadıqları zamanın içində itib-batmır, əksinə, məhz həmin zamanın simvoluna çevrilirlər. Zamana olan münasibətini iki il qabaq KİV-ə verdiyi müsahibələrdən birində belə ortaya qoymuşdu şair: “Vaxt vardı Zəlimxana da dodaq büzürdülər, deyirdilər dünyanın o başından gəlib nə meydan sulayır burada? Şəhər psixologiyası məni qəbul etmirdi, ona görə ki, mən sazdan gəlirdim. Hələ Allahınıza şükür eləyin ki, saz bu gün şəhərdə özünə bu qədər yer eləyib. 30 il bundan əvvələ qədər Bakı mənim deyildi, rusun, erməninin, cuhudun idi və onların nəsilləri, ənənələri qalmışdı. Son 3-5 ilə qədər saz ancaq kəndin idi, bu gün isə həm də şəhərindi. Görəcəksiniz, bu gün saza lağ eləyənlər. 1 il sonra onun başına hərlənəcəklər...”

          Necə ki, hərləndilər. Zəlimxan kimi elə arxa duranların sayəsində. Necə ki, özü demişdir:

Sular kimi hey töküldüm çarxa mən,

Boş gəlmədim otuza mən, qırxa mən.

Əlli yaşda oldum elə arxa mən,

Ümidində, gümanında yaşadım

 

Dərd ürəkdə, əsrin yükü çiyində,

Ağrı başda, qasırğalar beyində.

Ağa döndüm ürəklərin neyində,

Kədər oldum, kamanında yaşadım.

 

Şairə öz xalqı

“can” deməlidir.

Şairə öz xalqı “can deməlidir,

Yaxın istəməsə, yad daşa çırpar-

-deyən xalq şairi Zəlimxan Yaqubun iştirak etdiyi məclislərdə başda oturmaq adəti yoxdur, ayaqda oturur, xalqın içərisində oturur. Sadəcə olaraq, harda oturursa, ora başdı. Xalqdan xəbəri olmayıb xalqdan yazanları çox görmüşük. Amma Zəlimxan Yaqub xalqdan kənarda, xalqdan ayrı heç nə yazmayıb. Xalqın içində olub, xalqla bir yerdə oturub, ona görə də xalqın adət-ənənəsini, keçmişini, bu gününü beş barmağı kimi bilir, xoşbəxt gələcəyi naminə yazıb-yaradır:

Xalqım,səni uca gördüm,

bu ucalıq bəsdi mənə,

Sən varsansa, neyləyəcək

düşmənlərin qəsdi mənə?!.

İnsan öz insanlıq xüsusiyyətini ana bətnindən gətirmir, onu həyatda yaxşı əməllərinə görə qazanır. Qağanın (Zəlimxan Yaqubun-red) da yaxşı, gözəl əməlləri çoxdu. Bu yaxşı, savab əməlləri sırasında əhəmiyyətli biri də şeirlərində qələmə aldığı, xalqın içərisində xeyir-şər məclislərində çıxışlarında dilə gətirdiyi məsihətlərdir, cavanlara verdiyi tövsiyələrdir. Onun bu savab əməlinin necə təsir gücünə malik olmasının dəfələrlə öz gözümlə şahidi olmuşam. Mənə məhrəm bir məclisdə sevinə-gülə iştirak edən, qol açıb oynayan, səmimi-qəlbdən tostlar deyən Zəlimxan qağa gənclərə üzünü tutub məsləhət verdi: “Bala, yurdumuzu unutmayın, torpağımızı sevin, kəndimizə tez-tez gedin, adət-ənənələri yaşadın...” Və elə bu çıxışından sonra baxdım ki, oğlum durub,harasa hazırlaşan görkəmdə vurnuxur. Soruşdum. Cavab verdi ki, Zəlimxan Yaqubun tövsiyəsinə əməl etmək üçün kəndə hazırlaşır, ailəsini də götürüb yola düşəcək.

 

Dirəksiz göylər kimi

Osman Sarıvəlinin beyti var:

“Hər kim yüz il yaşamasa,

Günah onun özündədir”.

          Yarım əsrdən artıq bir zaman ərzində Azərbaycan oxucusunun yaddaşında möhkəm oturuşan, böyük sənətkarlıqla, ifadəli, ahəngdar və təsirli bədii dildə qələmə alınmış bu şeirin başqa beytləri həyat həqiqətlərini əks etdirsə də, etiraf etmək lazımdır ki, yüz il yaşamaq insanın özündən asılı deyil. İnsan həyatının tənzimlənməsində təbii və sosial proseslər əhəmiyyətli rol oynayır. Məlum həqiqətdir ki, hər bir insanın alın yazısı, qisməti var. Zəlimxan Yaqubun da həyata, ölümə, ömrün mənasına münasibəti sırf özünəməxsusluğu ilə seçilir. Şair hesab edir ki,

Yüzü, yüz əllini aşırar insan,

Ömrü parça-parça kəsən olmasa...

          Başqa bir şeirində həyatın da, ölümün də etalonunu dəqiqi müəyyən edir Zəlimxan Yaqub:

....Məni öldürən həyat,

nifrət edirəm sənə,

Məni yaşadan ölüm,

hardasan, tez gəlsənə!..

          Hazırda Almaniyada müalicə alan Zəlimxan qağanın ölümə münasibətində nikbin nidasını xatırlatmaq istəyirəm:

...Fələk addımbaşı can almaqdadır,

Canı tez-tələsik fələyə vermə.

Bir qadının ona ünvanladığı alqışı da təkrarlayıram: Allah-təala səni dirəksiz göylər kimi saxlasın!” Siz bizim xalqın varlığısız. Borçalının varlığısınız, Azərbaycanın, Türk Dünyasının varlığısınız!

 

Qəlbindən keçəni

oxuya bilsək

Zəlimxan Yaqubun əsərlərinin hamısı yüksək səviyyədə, yüksək sənətkarlıqla yazılıb, sənətkar qələmiylə yazılıb. Şair hər sözün, hər kəlmənin üstündə nanə yarpağı kimi əsir. Başqa cür ola da bilməz! Axı, sabah bu oxucu qarşısına çıxacaq, oxucu ona qiymət verəcək. Zəlimxan Yaqubun əsərlərinin büs-bütün yaradıcılığının yeri uca zirvələr səltənətidi.

          Doğrudur, Zəlimxan Yaqubun poeziyasının toplandığı kitabları nəşriyyatlar geniş oxucu kütləsi üçün nəzərdə tutsalar da, şairin özünün oxucuya verdiyi tələbləri sətirlərin arasından sezmək mümkündür:

Qəlbimdən keçəni oxuya bilsən,

Qəlbinə köçürrəm öz paytaxtımı...

Şair oxuculara əsl şairləri qafiyəbazlardan seçməyi ehtiyatla məsləhət görür:

...Dayazlar o qədər artır, çoxalır,

Dərinlər meydanda görünmür daha.

Zəlimxan Yaqubun “Məni məndə görməyə səndə bir mənlik gərək”-sözləri isə necə də Yunus İmrənin məlum beyti ilə həmahəng, mütənasib səslənir:

“Məni məndə gəzmə,

məndə deyiləm,

Bir mən vardır məndə,

məndən içəri”.

          Düşünürəm ki, oxucusu nə qədər uzağı, nə qədər dərini görməyi bacarsa, müşahidəli, mühakiməli olsa belə, Zəlimxan Yaqubun iç dünyasına yalnız onun özünün göstərdiyi qədər baxmaq mümkündür. O isə hələ çox şeyi göstərməyib. Arzu edirəm ki, qağa, bundan sonra da ürəyindən, könlündən keçənlərin poetik mənzərəsini qələminlə yaradasan. Hörmətli Qağa Müəllim, Siz xalqımızın, müllətimizin üzağlığısınız. Üzünüz həmişə ağ olsun, canınız da sağ olsun! Yolunu gözləyirik, qollarımız açılıb Sizin yollara!

 

Aləm bilir,

möcüzədi Zəlimxan

Borandımı, tufandımı, seldimi?

Kəlmələri incidimi, ləldimi?

O tay deyən, bu tay deyən dildimi?

Aləm bilir, möcüzədi Zəlimxan.

 

Söz mülkündə alnıaçıq, üzüağ,

Həm ürəkdi, həm qələmdi, həm varaq.

İlhamıyla uca dağdı, uca dağ,

Ucalıqdan heç enmədi Zəlimxan,

Aləm bilir, möcüzədi Zəlimxan.

 

Müşfiqimlə, Vurğunumla qoşadı,

Bütün Türk elini dolaşır adı,

Söz sənəti naxış-naxış xalçadı,

Hər naxışda yüz ilmədi Zəlimxan,

Ucalıqdan heç enmədi Zəlimxan,

Ay Səməndər birdənədi  Zəlimxan

Aləm bilir, möcüzədi Zəlimxan!

Səməndər Məmmədov

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, “Vətən” fəxri media və

“Araz” ali ədəbi mükafatlarının laureatı.

  Geri