İbrahimxəlil
Payız yağışının səsi
(arazbarı sitat çələngi)
Sitatın sonu həm də o deməkdir ki, mətn bitir; yəni, Şekspir demiş: sonrası – sükutdur.
Mən sükutdan sonra... rəvayətlə başlayıram, daha dəqiqi, rəvayətdən çıxarışla: “Sabah sarayıma gəl, sənə on qızıl bəxşiş verəcəyəm”. Bu təklif vaqiflərə aid deyil, baxmayaraq ki, Səməd Qaraçöp demiş : gedib asılmağa iki ağac var: çörək ağacıdır, dar ağacıdır.
IX-XII əsrlərə aid məxəzlərdə yazılıb: “...ölkənin ağıllı və müdrik alimləri hakimiyyət mərkəzini həm də mədəniyyət mərkəzinə çevirməyə çalışırdılar, bu vasitə ilə həm qılıncın şöhrətini artırmaq, həm elmin hörmətini qaldırmaq, həm fanatizmə qarşı mübarizə aparmaq, həm müxtəlif xalqların hüquqlarını müdafiə etmək, bir sözlə, həm hakim təbəqəni tərifləmək, həm də ifşa edib pisləmək kimi bir-birinə zidd olan iki məqsəd üçün istifadə edirdilər. Ona görə də alim və şairlərin saraya toplanması təsadüfi və təəccüblü deyildi”.
“Kəpənək zərifliyi” adlı yazımda Mahir Qarayevdən götürdüyüm sitata qayıdıram: “...30-cu illərdə rəhbərimizin ədəbiyyat üzrə baş məşvərətçisi Zəlimxan Yaqub xislətli bir adam olsaydı, bircə şairimiz də güllələnməzdi”.
Təəssüf ki, bizdəki inkar ruhu bizi çox ağır məğlubiyyətlərə düçar etdi.Kimi “saray şairi”, kimi “ara müğənnisi”, kimi “etibarsız”, kimi “satqın” adlandırdıq; öldürüb sonra da boğazdan yuxarı sözlərlə üstündə ağladıq, dəsmalımızı yuyub qurutmağı isə unutduq.
Poeziyamızdakı inkar ruhu haqqında Tehran Əlişanoğlu belə yazıb: “Bu gün inkar ruhu bütövlükdə... poeziyamıza xasdır, milli şeirin sabahına açılan pozitivlər bəzən bu neqativdən daha aydın görünür ”.
Dünyanın ucqar deyilən yerindən – Kazreti olsun, Başkeçid olsun, ya Əyriqar, fərq etməz – necə görünürsə, elə də deyirəm: bu İnkarda xalq şairi Zəlimxan Yaqub indiyədək Borçalıdan çıxmış azmanlar içərisində ən olduğu kimi görünən adamdır! Əgər onun heç olmasa, bircə paxıllığı varsa, o da budur – lap sufilərdə olduğu kimi – nə üçün mənim qardaşım, dostum, sevgilim məndən yaxşı, məndə üstün deyil?! Nə az, nə çox, bax belə!...
Niyə belə uzaqdan başladım? Ona görəmi ki, Marina Svetayeva yazmış:
Поэт издалека заводит речь,
Поэта далеко заводит речь.
Həm də ona görə ki, dünya vaqif adamlar üçün təkcə maddi, konkret olan deyil, həm də səslərin, rənglərin və obrazların simfoniyasıdır.
...“İnsan payız ölə, yazda dirilə”... Aşıq Ələsgərin sözlərinin tilsimi – sarı-sarı sim üstündə – şizofreniyalı insana bənzəyən oktyabr günlərinin birində məni tutdu. Bu qarqabağı, bu arazbarı havalarda yenidən yola çıxmaq – özü də Bakıya! – bu dəfə az qala ölüm hökmünə bərabər idi. “Kəpənək zərifliyi”ndə yazmışam. Bakıdan qayıtdığım vaxtdan heç üç ay da keçməmişdi.
Amma Zəlimxan Yaqubun sözünü – dəvətini yerə salmaq dünyanın bu ucqar adlandırdığım yerinin tək mənə yox, həm də “borc içində yaşadığım Borçalıya ” qarğışı olardı.
...Zəlimxan məni Bilgəh kardioloji sanatoriaysına gətirdi. Bu haqda sevimli müəllimim və “Bilgəh səfəri”min səbəbkarı Təhməz müəllim yazıb (şairə o zəng eləyibmiş, sonra bildim). Mən özgə təfərrüatı, ayrı təəssüratı işıqlandırmağa çalışacağam. Özü də bu nə “xala-xala” oynamaqdır, nə “kirvə qonaqlığı”nın cavabıdır, nə də yaxşılığın əvəzini qaytarmaqdır! Bu, az qala “Xocalıda Solferino xatirələri” adlı yazımın ya əkiz qardaşı, ya da əkiz bacısıdır.
Bilgəhdə, demək olar ki, hamı ürəyini tutur! Birinin ürəyinin tutmağının səbəbi Göyçədi, birininki Xocalıdı, birininki oğlunun bankrot olmağıdı, birininki Dubaydan qayıtmayan qızıdı... birininki qan dövranının pozulmağıdı...
Orda tanış olduğum, bu gün də tez-tez zəngləşdiyim Nizami İsmayıllı haqqında, bu dostluğa çevrilən tanışlığın işığında Zəlimxan Yaqubun yaradıcılığına vaqif adamların marağına səbəb olacaq qısa rakurs etməyə qərar verdim. Məhz bu ürək sanatoriyasında Zəlimxana olan sevginin ürəkdən olduğunu gördüm! Pafossuz, patetikasız!
Ağdam Qarabağın toy otağıydı...
85 yaşlı Laçınlı Azər əmidən eşitdim ki, o, ancaq Zəlimxana görə inanır ki, Ağdam yenidən Qarabağın toy otağı olacaqdır!
Dəqiq xatırlamıram, ya İtaliyada, ya da Makedoniyada xəstələr üçün palatalara payız yağışının səsi verilirmiş...Bunu Nizami müəllimə söylədim. “Bizim palatalara Zəlimxan Yaqubun şeirəri yazılıb verilməlidir” – bunlar Nizami müəllimin dedikləridir.
Nizami müəllimlə Xəzərin sahilində – xiffət və qubar çökmüş sahilində – hərəmiz öz aləmimizdə ürəyimizlə danışırıq; Zəlimxanın sözləri ilə:
Xeyirə-şərə, toya-yasa yüyür dedim,
Taleyinə yaralanmış cüyür dedim,
Qızdır onu – harda kim üşüyür dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Kardioloq Şərif Şahməmmədov bizdən çox-çox nikbin idi:
Əcəl ömrü zəmi kimi biçsə də,
Şərbət bilib bir qurtuma içsə də,
Vaxtlı- vaxtsız Zəlimxanlar köçsə də,
Gözəl dünya, gözəllərin var olsun!
və sonra:
Bu qəmli havadı, bu şən havadı,
Mənim sümüyümə düşən havadı,
Bağrımın başını deşən havadı,
“Sarıtel” oxuyan qaratel gözəl!
Düzdür, Bilgəh ziyarət yeri deyildi. Amma çox əhd edənlər gördüm. Bütün niyyətlərin başında Qarabağı istiladan azad görmək dururdu. Nizami müəllim niyyət edənlərə Zəlimxan Yaqubun sözlərini müqəddəs dua kimi pıçıldayırdı:
Bu səfərdə şərəf, zəhmət, yorulmaq var,
Bir inama min inamla vurulmaq var,
Bu səfərdə çalxalanıb durulmaq var,
Ziyarətin qəbul olsun, insan oğlu!
Zəlimxanın “Məndən uzaqlarda üşüyən ulduz”, “Aşıq Qərib sazının telindəki pas mənəm”, “Bu yaşıl ağacın altı bizimdir”, “Gülə güldən ağır söz deməmişəm”, “Aldı vaxtımızı dost məclisləri”, “Oxuya bilmədim axıra qədər, dünya kitab kimi rəfdə deyilmiş” şeirləri Bilgəhdə ürək ağrılarımıza yazılan resept oldu, əsəblərimizə səpilən payız yağışının səsi oldu. Hələ Nizami müəllimin tutduğu “siyahı”nı demirəm, Dərbənddən Təbrizə, ordan da Bosfor üzərindəki Fatih körpüsünə çatardı.
Bir vaqif adamın dediyi kimi “hər bir insanın qəlbində öz xalqının miniatür portreti var”. Zəlimxana gəlincə, onun qəlbindəki, o taylı – bu taylı Araz boyu xalqımızın miniatür portreti yox, Özüdür!
Təəssüf ki, hərdən Zəlimxanın Poeziyasından əslində xəbərsiz olanlar da saxta sitayiş göstərirlər. Yadınızdadırmı, hətta Eynşteyin də–müqayisə ucqar müqayisəsidir–onun kəşflərindən tamamilə baş çıxarmayan insanlar arasında məşhur idi.
...Sözümün təkrarına qayıdıram: çox diletantlar üçün maraqlı olardı ki, Zəlimxan “sarayda” yox, Diogenin çəlləyində yaşayardı. Şair haqqında yazılan paskvillərlə də tanışam. Məni ağrıdan budur ki, diletantlar tək Zəlimxanı hədəfə almayıblar! Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən... daş atmaq yaramaz əlində nədir ki?...
“Seçilmişlər”ə “sataşanda” onlar bir az görünürlər, bir az diqqət çəkirlər, bir az...göyə yox, yerə böyüyürlər. Göysüzlərin, ulduzsuzların, işıqsızların peşəsi budur.Ustadlar ustadı Aşıq Ələsgər nahaqdan deməmişdi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?
“Şeirlərimdə hərdən zilə qalxmaq istəmişəm... Amma görmüşəm ki, yuxarı pərdələrdə oxumaqdan ötrü ya Allahdan istedad mandatı almalısan, ya da varlığının sazını bu kökdə sazlamalısan. Öz səsində üzməyi bacarmalısan”. Bu sətirlər Vaqif Səmədoğlunun Zəlimxan Yaqub haqqında yazdıqlarındandır.
“Bu gün ədəbi mühiti öz meyitləriynən zəbt eləyən “ağsaqqalların”içərisində Zəlimxan Yaqub diri və duru qalmış qələm adamlarındandır...bəlkə buna görə, hardan baxırsansa, o mütləq görünür”. Bu sözlər isə istedadlı gənc şair Salamın qələminə məxsusdur.
Ay şeir, məni bir şər vaxtı sən öldür,
elə öldür Zəlimxan da bilməsin. -
bu misralarla başlayan yazını Sınıq körpü nostaljisi – köçmədim, köçə bilmədim, Sınıq körpü sınar deyə – içimi-çölümü didən vaxtları yazdım. Dedim, kimsə bilməsin, amma vaqif adamlardan nəyi gizləyə bilərsən? Hətta qeybdən gələn səs təki gözəl olan payız yağışının səsini belə!... Və bu yağışlı havalarda dirilən dərdləri də...
|