Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Çağla ay Zəlimxan, çağla çay kimi!...

 

 

 

Həzi Həsənli,

Azərbaycan Yazıçılar və Jurnalistlər

birliklərinin üzvü, şair-publisist

 

 

Çağla ay Zəlimxan, çağla çay kimi!...

 

    Mən Zəlimxan Yaqubun billur kimi xalq dilində yazdığı şeirlərini söz-söz, misra-misra təhlil edib, çox gözəl, nəfis və oxunaqlı bir kitab bağlayaram.

    Amma Zəlimxanın daxili aləmi o qədər zəngindir ki, yazmaqla nə kitaba-dəftərə sığar, nə dilə- qələmə gələr. Bir qəzet məqaləsində isə onun daxili aləmini bütün çalarları ilə verə bilmək ümumiyyətlə mümkünsüzdür.

    Onun dillər əzbəri olan şeirləri zəlimxansevərlərin ürəyində elə dərin kök salıb ki, təhlilsiz də asan duyulur və sevilir. Xalqa bağlı ürəyində ümmanlar çağlayan xalq şairinin heç mənim yazdıqlarıma ehtiyacı da yoxdur. Çünki Zəlimxan Türk dünyasının azman bir şairi olaraq öz sözünü deyib və qartal kimi mürşüdlük zirvəsindən boylanır. Bu gün onun ömrü şöhrətin ən yüksək pilləsində qərar tutub. Bir-birindən gözəl biçimdə nəşr olunan cild-cild kitabları var. Haqqında neçə - neçə kitablar yazılıb, çoxsaylı məqalələr, şeirlər yazılıb. Vaxt olub ki, mən də qələm dostum, eloğlum Zəlimxanın yaradıcılığından qəzet səhifələrində, radio və televiziya verilişlərində, saz-söz məclislərində söz açmışam. Onunla keçirilən çox görüşlərin iştirakçısına çevrilmişəm, çox məclislərdə yanında olmuşam. Şeirlərinin və özünün dili o qədər təmiz və aydındır ki, heç zaman söz - söhbətindən doymamışam. Onun danışığı həmişə mənə ruh verib, ilham verib, həyəcan verib.

    Zəlimxan Yaqubun şeirləri ilə bərabər adı da Borçalıda kənd-kənd, ev-ev dolaşır. Adı da şeirləri kimi dillər əzbəridir. Borçalının kəndlərində Zəlimxan Yaqubu yeddidən-yetmişə hamı tanıyır, sevir. Amma elə şairlər görmüşük ki, müəyyən bir məqama çatıb, adına görkəmli şair deyilsə də, məmləkətimiz bir yana, öz doğma kəndində onu şair kimi çox az adam tanıyır.

    Belədə çox cavabsız suallar insanı düşündürür. Bəlkə elə şair taleyi budur? Bəlkə də vaxtilə Zəlimxanın durub-durub başına döndüyü, torpağına - daşına döndüyü Kəpənəkçi kəndində Tanrı töhfəsi kimi doğulduğundandır? Bəlkə də öz taleyinin şairi olduğundandır? Bəlkələr o qədərdir ki... Motivlərin sırası elə genişdir ki... Onun mənalı şair ömrü sazlı-sözlü bir dastana, bir salnaməyə dönüb. “Şair ömrünü yaşatmaq üçün insan ömrünü girov qoyan”lardandır şair Zəlimxan Yaqub.

    Ortada isə bir həqiqət var - şair Zəlimxan Yaqubun haqdan nazil olan ilhamının sirri, möcüzəsi ədəbiyyat tənqidçiləri tərəfindən, tədqiqatçılar tərəfindən yetərincə açılmayıb, yetərincə araşdırılmayıb. Özünün tənqidçilər barədə dəfələrlə mənə dediyi sözləri də unutmamışam: “ Həzi, mən elə bir tənqidçi istəyirəm ki, bütün yaradıcılığımı ələk-vələk etsin... Şeirlərim haqqında əsaslandırılmış tənqidi fikirlərini söyləsin, məni qaldırıb göydən yerə çırpsın. Varmı elə bir tənqidçi? Zəlimxan Yaqubdan yazanların hamısı onu tərifləyir. Zəlimxana tərif çiçəyi nə lazım?”

    Ədəbi tənqiddən söz düşəndə professor Qulu Xəlilovun tələbəlik illərindəki kövrək xatirələrimdən boylanan siması gəldi gözlərim önünə. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda Qulu müəllim mənə dərs deyib. Çox sərt xarakteri olmasına baxmayaraq, mənə fərqli yanaşması vardı. Auditoriyaya daxil olanda zəhmi tələbələri basırdı, özümüzü yığışdırırdıq. Amma məni isti ürəklə dilləndirirdi. Şeir yazdığımdan xəbəri var idi. Tələbə vaxtı “Azərbaycan” jurnalında bir neçə şeirim dərc olunmuşdu.

    Bir gün də Qulu müəllim dərsdə üzünü mənə tutub dedi:

 

“Cavanşir elinə, Babək yurduna -

Həzi torpağına layiq olmasan..”

 

    Səncə, bu kimin şeirindəndir?

- Zəlimxan Yaqubun şeiridir,- dedim və şeirin davamını əzbərdən söylədim.

- Həə, bax bunu düz dedin. Sən də Borçalı adına layiq şair olsan, yaxşıdır, - söylədi Qulu müəllim.

    Sevincimdən ürəyim quş ürəyi kimi çırpındı. Qulu Xəlilov kimi mötəbər bir ədəbiyyatşünas alimin gənc şair Zəlimxan Yaqubdan - eloğlumdan, qələm dostumdan iqtibas gətirməsi məni sevindirməyə bilərdimi?

    Bir neçə gündən sonra “Azərbaycan gəncləri” qəzetində Qulu müəllimin “Zəlimxan Yaquba açıq məktub”u dərc olundu.

    Bu xatırlamalardan sonra Zəlimxan Yaquba dedim:

- Qulu Xəlilovun həmin yazısında təriflə bərabər tənqidi fikirlər də yox deyildi.

    Zəlimxan Yaqub:

- Bəli, Qulu müəllimin yazdıqlarında böyük həqiqət vardı. Həmin fikirlər o zaman üçün yazılmışdı. Zəlimxan da onda gənc idi. Vaxtında deyilmiş o iradlardan nəticə çıxardım. O cür iradları Osman Sarıvəlli də bir vaxtlar mənə demişdi. Mən indidən danışıram...

    Bəs, mən də o cavabsız sualları cavablandırmaqda aciz qaldığıma görə daxili bir ehtiyac duydum Zəlimxanın haqqında söz açmağa. Səsi sarayları titrədən Zəlimxanın hər gün qulağımın eşitməyə öyrəşdiyi səsindən ötrü qəribsədim. Könlümü soyuq bir həsrət bürüdü. Təsəlli üçün dəfələrlə oxuduğum kitablarını dönüb - dönüb bir də oxudum. Bu şeirlər başdan - başa türk şeirinin örnəkləridir. Şairin Tanrısal ilhamı ilə Tanrısal mövzularda yazdığı çox şeirləri var. İlahi eşq fəlsəfəsindən qaynaqlanan “Peyğəmbər” poeması dünya ədəbiyyatının zirvə əsərlərindəndir. O şeirlər ki, türk qövmünün yaddaşında yaşayır... O şeirlərdə nə fikrin - duyğunun sərhədi var, nə eşqin - məhəbbətin sahili...Beləcə ürəyinin sevgisini, istisini qoşma - qoşma, gəraylı - gəraylı Altaydan belə türk dünyasının hər diyarında paylaşır. Məkkəni, Mədinəni dolaşıb, Kərbəlanı, Şamı görüb, Qarsı, İstanbulu, Təbrizi görüb gəlib. Bəlkə də ona görə sözü-söhbəti sərrast açılan atəş kimidir. Ən mötəbər məclislərdə Zəlimxanın nüfuzlu səsi eşidilir. Bu mənada Zəlimxan doğrudan da tribun şairdir.

    İnsanın içindəki saflığa dəlalət edən o qədər gözəl fikirlər söyləyir ki, dinləyənlərin könlünü oxşayır. O, ürəyinin mənəvi hikmət qanunları ilə yaşayan insandır. Dünyanın gözəlliklərini qəlbinə hopdurub, könlünə - gözünə hopdurub, hissə-duyğuya, şeirə-sözə çevirib. Şeirdə yalan uydurmaq onun ilhamına yaddır. Qələmindən çıxanlar gerçəkliyin içindən çıxdığındandır ki, dünyanın gözəllikləri ilə zəngindir; fikrin, əməlin gözəlliyi, insanlığın gözəlliyi, dağın - dərənin, təpənin gözəlliyi və s.

    Onu dinləyəndə dünya gözlərində daha gözəl görünür. Çünki şeirlərində ali mənəvi keyfiyyətləri tərənnüm edir. Danışanda ülviyyətə yüksələn ulularımızdan danışır. Özü də bu ülviyyətin keşiyində dayanır. O, nitq söyləyəndə nəfəsindən bahar boylanır, ağzından dürr tökülür. Sinəsini saza, könlünü pərdəyə, ürəyinin tellərini simə döndərir. Ağrıyanda da Tanrıdan şükranlıqla danışır. O danışanda sanki torpaq da gül açır, daş da gül açır, quş da dil açır... Zəlimxan danışanda heç bir nəfəri də məclisi vaxtından qabaq tərk edən görməmişəm. Şeirdə dediyi aydın fikri duymayan tapılmadığı kimi, səsinin ahəngindəki cazibəni də duymayan tapılmaz. Bu ünlü şair harayının ahəngindəki misilsiz lətafətdən də bezən olarmı?

    Heydər Əliyev Sarayında şairin 60 illik yubileyinin keçirildiyi an dönüb zala göz gəzdirdim, bircə dənə də olsa boş yer görmədim. Bu nə deməkdir? Zəlimxan Yaqub sevgisini ifadə etməyə sanki söz də bu yerdə acizdir. Bəli, zal ağzına qədər zəlimxansevərlərlə dolu idi. Nəzərlər səhnəyə dikilmişdi. Bircə an keçdi və qələm kimi düppədüz, şax yerişli, şax duruşlu, yaradıcılıq eşqinə, ilhamına bircə dəfə də olsun xəyanət etməyən Zəlimxan Yaqub necə də vüqarlı göründü. Yenə həmişəki təravətlə, həmişəki kimi özünəməxsus şirin Borçalı ləhcəsi ilə danışdı, dindi...

    Zəlimxan Yaqubun xarakterindəki çox ali keyfiyyətlərə heyran qalmışam. Ömrünün 60 - da həyatının və yaradıcılığının yeni bir dövrü başladı. Və 60-ı aşandan sonra da həmişəki ilhamıyla nəfəs-nəfəsə yaşayır. Gecə - gündüz yorulmaq bilmədən yazır.

    ... Bir dəfə evində yazı masasının üstündəki qara cildli qalın - qalın dəftərləri gözdən keçirmək üçün mənə verdi. Vərəqlədim və baxışlarım o dəftərlərin vərəqlərindəki misralarda gəzişdi. Baxıb gördüm ki, o dəftərlərdə hər gündə, hər tarixdə Zəlimxanın əlyazmasında yazdığı nə qədər şeirləri var. O, bircə gün də qələmini dincə qoymayıb. Xalqın sevgisini, məhəbbətini qazanandan sonra qələmi dincə qoymağa nə ixtiyarım var, deyir. Dağda - bağda olanda da, yol gedəndə də, təyyarədə də, xəstəxanada da, lap elə yuxuda da yazıb. Doğrudan - doğruya Zəlimxanın ömrü hər günü qələmlə baş - başa qalan, könül - könülə yaşanan bir şair ömrüdür. Belədə şair Qabilin bir fikri yerinə düşür: “ O adam xoşbəxtdir ki, həm çox yazır, həm də yaxşı yazır”.

    Zəlimxan yüz ilin, min ilin əzbər şeirlərini yaddaşında yaşadır. Oxuduğu kitablar da səhifə-səhifə, sətir-sətir əzbərində qalır. Bu qədər şeirləri, söz incilərini yadda saxlayan bir beyin, bir yaddaş görmədim ki...Yaddaşındakılar insanı ucalığa, zirvəyə səsləyən duyğulardır. Bu da ürəyində uca xalq, Vətən sevgisi olan şair könlünün yollarının ucalıqlardan keçib, zirvədə qərarlaşmasındandır...

    ...Bir azdan, ürəyimi şairin sazına bağlayan gümüşü tellər dilləndi. Onun möcüzəli saza olan sevgisinin özü də bir möcüzədir. Dinlədikcə insan duyğusallaşır, payız ömrünü yaza bənzədir.

 

Arılar, gül mənəm, qonun üstümə,

Məndən nə çəksəniz, saf çəkərsiniz.

Başına götürər ətrim dünyanı,

Sözün gülşənində kef çəkərsiniz.

 

    İnsan təbiətindəki təmizliyə dəlalət edən inci saflığında nə qədər fikirləri var, aman Allah! Doğrudan da Zəlimxanın ürəyi gözəlliklər aləminin ən münbit məkanıdır. Odlu - alovlu danışığının ecazına, sehrinə düşdükcə hiss edirsən ki, qarşındakı mətin insandır, ilahi vergidən güc alan şairdir.

 

     Evindəki muzeyə baxıb heyran qalmamaq mümkün deyil. Soruşuram:

    - Şair, bunun tərtibatını kim verib? Sanki burada ən təcrübəli, yüksək zövqlü muzey əməkdaşları çalışıb...

    Sualımı cavablandırmaq haqqında heç düşünmədi də. Qolumdan tutub o biri otağa çəkdi və dedi:

    - Ehey! Bir bu otağa bax hələ!

    Burada ilk diqqətimi çəkən rəflərdəki söz xəzinəsinin zənginliyi, eləcə də Borçalının azman aşıqları Hüseyn Saraclının, Əmrah Gülməmmədovun və digər ulu olmuşların yadigar şəkilləri oldu. Şairin divarboyu çərçivəyə salınmış, şüşənin altından düz adamın gözlərinin içinə baxan portreti də möhtəşəm bir sənət əsəridir. Rəssam fırçasından çıxıb. Amma necə də canlı çıxıb!

    ... Həmin görüşümüz ərəfəsində şair “Hüseyn Saraclı dastanı”nı yazırdı. Hələ kitab halına gəlməmiş o dastan-poemanın ayrı-ayrı hissələrini mənə oxudu. Ustadlar ustadı ölməz Hüseyn Saraclını dönə - dönə xatırlayıb kövrəldi. Sazını bağrına basıb elə həzin, elə kövrək dilləndirdi ki...Yaddaşımın heykəl ucalığından boylanan həmin görüşü xatırlamağım da Zəlimxan Yaqubun özünə və sazına - sözünə olan ehtiramımın nişanəsidir. Həmişə arzu etmişəm ki, Zəlimxanın canı sağ olsun, ömrü uzun olsun və sazın - sözün ömrünü çox - çox illər beləcə uzatsın...

    Onunla “söz süfrəsi” ətrafındakı hər görüşüm belə olub; mənalı, məzmunlu, möhtəşəm, maraqlı. Vaxt dayanmadan ötür, o görüşlər arxada qalır, ötən aylarda qalır, ötən illərdə qalır, amma unudulmur. O görüşləri yada saldıqca xatirələr yumaq kimi çözələnir.

    Vaxtilə belə unudulmaz görüşlərimizdən birində yenə də Zəlimxanın nəfəsi ruhumuza sığal çəkən bir həzinlik gətirmişdi. Sözün işığına yığışan heyranlarını bir daha heyran qoymuşdu. O görüş zamanı təsirlənib belə yazmışdım:

 

Mənim bu Vətəndə öz yaylağım var,

Behiştə bənzəyən güllü bağım var.

Burda saz məkanım, söz oylağım var,

Bura sinədəftər bir insan gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Mən harda olsam da, bu torpaq, bu daş

Könlümə həmdəmdir, qəlbimə sirdaş.

Bura xoş gəlmisən, ay şair qardaş!

Saz gəlib, söz gəlib, tar - kaman gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Könlüm ozan olar bu ülfətindən,

Dastan bağlayaram sədaqətindən.

Sazıma - sözümə məhəbbətimdən

Murazım - muradım nə rəvan gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Ürəyim od alar şair səsindən,

Enər, lələk salar durna dəsindən.

Şirin avazının təranəsindən

Min əzbər şeirin, min misran gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Burda hər çiçəyin, gülün ətri var,

Burda Faxralıtək elin ətri var.

Bu eldə şairin əziz xətri var,

Söhbəti məlhəmdi - bir loğman gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Ötənlər yaddaşda sətirlənibdi,

Burda xatirələr çətirlənibdi,

Vurğun yada düşüb, xatırlanıbdı -

O da Faxralıya bir zaman gəlib,

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Yayın ortasında bahardı - yazdı?

Şair dilə gəlib, nə xoş avazdı!

Burda könlümüz xoş, kefimiz sazdı,

Ağsaqqal, ağbirçək, həm cavan gəlib -,

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Şairim aşıqla qoşa dayanıb,

Qonub tavar sazlar döşə, dayanıb.

Qoşaca dillənib, qoşa da yanıb .

Deyirəm bir dünya, bir cahan gəlib -

Həzi, məclisinə Zəlimxan gəlib.

 

Şair görməmişəm sənə tay kimi,

Sıyrıl qılınc kimi, gəril yay kimi.

Çağla ay Zəlimxan, çağla çay kimi,

Bu da bir tarixdi - gözəl an gəlib,

Həzi, məclisinə Zəlimxan gəlib.

 

    Zəlimxanla olan hər görüş bir tarixə dönüb. Nə sirdisə, mən həmişə tarixin yaddaşını düşünəndə Zəlimxan Yaqubun yaddaşının tarixini düşünürəm. Sinəsi Vətən torpağının yaddaş saxlancıdı. İnanıram ki, gələcək nəsillərə bu fenomen yaddaş saxlancındakılar çox, lap çox lazım olacaq.

   Xeyli vaxtdır ki, Almaniyada müalicə olunan Zəlimxan Yaqubun yolunu çox gözləmişik. Çoxlarımız şairin səsi üçün əməlli-başlı darıxmışıq. Sadiq dostları Oruc Əlizadə, Əli Xudatov və başqaları ilə hər görüşümüzdə Zəlimxan Yaqubdan danışmışıq, ona Allahdan şəfa diləmişik.

   Yenə deyirəm, Allah cansağlığı versin, Zəlimxan Yaqub! Yaşa, yarat şair qardaşım!..

 

 

 

İki sahil” qəzeti,

07.03.2012

  Geri